Vaxtilə Yunanıstanın sahəsinə görə beşinci ən böyük gölü olan Koroneya ölkənin şimalında yerləşir və əvvəlki ölçüsünün onda birindən də az hissəsinə qədər kiçilib. Bu barədə Afina Milli Rəsədxanasının məlumatları xəbər verir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” yazır.
Qeyd olunur ki, hələ 10 il əvvəl Koroneya qorunan bataqlıq ərazisi idi. Burada flaminqo da daxil olmaqla minlərlə köçəri və su quşu yaşayırdı. Bu xüsusiyyət gölü turistlər, balıqçılar və yerli fermerlər üçün cəlbedici edirdi.
“Biz bu gölü yaxşı vaxtlarında tanıyırdıq: balıqçılar, bol su, gözəl park və quşlarla zəngin möhtəşəm mənzərələr vardı. Bu gün gördüyümüz mənzərə məyusedicidir”, deyə Aqiοs-Vasiliοs sahilyanı icmasının rəhbəri Kostas Hatsivulqaridis bildirib.
Hazırda böyük göldən yalnız ayrı-ayrı bulanıq gölməçələr qalıb. Gölün üzə çıxmış dibi isə illərlə yandırıcı günəş altında qalmış, çatlamış və rəngi dəyişmiş nəhəng palçıqlı düzənliyə çevrilib.
Peyk görüntüləri göstərir ki, su səthinin sahəsi 2016-cı ildəki 34,4 kvadrat kilometrdən cəmi 2,7 kvadrat kilometrə qədər azalıb.
Alimlər gölün sürətlə dayazlaşmasını ilk növbədə uzun illər davam edən yağıntı çatışmazlığı və havanın temperaturunun yüksəlməsi ilə əlaqələndirirlər.
“Gölün səviyyəsinin azalmasında əsas amil, şübhəsiz ki, onun su hövzəsinə düşən illik yağıntının miqdarıdır. Son ən azı beş il ərzində bu göstərici orta hesabla təxminən 400 millimetr olub. Bu, əvvəlki onilliklərdəkindən təxminən 150 millimetr azdır”, deyə Milli Bataqlıq Ərazilər Mərkəzinin su ehtiyatlarının idarə edilməsi və iqlim dəyişikliyi şöbəsinin rəhbəri Dimitris Papadimos bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, yüksək temperatur səbəbindən suyun buxarlanması da artıb və ildə təxminən 100-150 millimetrə çatıb. Yağıntıların az olduğu və havanın orta göstəricidən daha isti keçdiyi illər yalnız göldəki suyun deyil, əvvəllər gölü qidalandıran mənbələrin də qurumasına səbəb olub.
Vəziyyəti insan fəaliyyəti də ağırlaşdırır. Maldarlıq və əkin sahələri üçün suya ciddi ehtiyacı olan fermerlər yağıntıların azalmasını kompensasiya etmək məqsədilə uzun müddətdir göldən istifadə edirlər.
Hələ 2013-cü ildə Avropa İttifaqı Məhkəməsi Yunanıstanın Koroneyanı həddindən artıq suvarmadan, qanunsuz quyu qazılmasından və çirklənmədən lazımi səviyyədə qoruya bilmədiyi qənaətinə gəlib.
Yunanıstanın Ətraf Mühit Nazirliyinin su ehtiyatları üzrə baş katibi Petros Varelidis bildirib ki, hazırda suvarmanın azaldılması məqsədilə gücləndirilmiş monitorinq sistemi tətbiq edilib.
Aydın
Şərhlər