Avropa İttifaqına (Aİ) üzv ölkələr yaxın illərdə yüksək enerji qiymətləri, sənayenin yenidən qurulması və "yaşıl” keçid səbəbindən genişmiqyaslı iş yerləri itkiləri ilə üzləşə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazır.
Müvafiq qiymətləndirmələr Avropa Komissiyasının hər il hazırladığı və üzv dövlətlər üçün iqtisadi-siyasi tövsiyələri müəyyən edən sənəddə yer alıb.
Brüsselin proqnozuna görə, 2026-cı ildə enerji qiymətlərinin yaratdığı təzyiq 560 minə qədər iş yerini risk altına sala bilər. Ən həssas sahələr kimi tikinti, metallurgiya, kimya sənayesi və nəqliyyat göstərilir.
Avropa Komissiyası həmçinin zəif iqtisadi aktivlik səbəbindən işsizliklə bağlı proqnozunu da yeniləyib. Əvvəlki proqnozlarda 2026-cı ildə işsizlik səviyyəsinin 5,9%, 2027-ci ildə isə 5,8% olacağı gözlənilirdisə, yeni qiymətləndirmədə hər iki il üçün 6% göstəricisi nəzərdə tutulur. Bundan əlavə, dövlət borcunun artacağı proqnozlaşdırılır. Aİ-nin 27 ölkəsinin ümumi büdcə balansının 2025-ci ildə ÜDM-in -3,1%-i səviyyəsindən 2026-cı ildə -3,5%-ə, 2027-ci ildə isə -3,6%-ə qədər pisləşəcəyi bildirilir.
Sənəddə əmək bazarındakı problemlərə də xüsusi diqqət ayrılıb. Komissiya qeyd edir ki, Aİ-nin rəqabət qabiliyyətini artırmaq üçün kadr çatışmazlığının və bacarıq uyğunsuzluğunun aradan qaldırılması vacibdir. Xüsusilə avtomobil sənayesi ciddi risk altındadır. Komissiyanın hesablamalarına görə, daxiliyanma mühərrikli avtomobillərdən imtina və Çinlə rəqabətin güclənməsi nəticəsində təxminən 600 min iş yeri təhlükə altına düşə bilər.
Batareya istehsalı sektorunda 85 minə yaxın, günəş panelləri istehsalında 59 minə yaxın iş yeri risk altındadır. Dekarbonizasiya tədbirləri isə metallurgiya sənayesində əlavə 4,5 min iş yerinə təsir edə bilər.
Eyni zamanda Aİ üzrə işəgötürənlər ixtisaslı işçi çatışmazlığının davam etdiyini bildirirlər. Komissiyanın məlumatına görə, 2023-cü ildə orta şirkətlərin 68%-i bacarıq çatışmazlığı yaşadığını qeyd edib, 2024-cü ildə isə müəssisələrin 77%-i bunu investisiyalara maneə kimi qiymətləndirib. Buna görə də yeni tövsiyələrdə təhsil, peşə hazırlığı, böyüklərin təlimi, STEM bacarıqları və yenidən ixtisaslaşma xüsusi yer alacaq.
Sənəddə həmçinin Aİ əmək bazarında digər problemlər də vurğulanır: üçüncü ölkə vətəndaşlarının bir çox hallarda iş yerləri üçün tələb olunan səviyyədən daha yüksək ixtisasa malik olması, hər beş işçidən birinin aşağı maaşlı və aşağı məhsuldarlıqlı sektorlarda "ilişib qalması”, hər on iki işçidən birinin isə işləməsinə baxmayaraq yoxsulluq riski ilə üzləşməsi.
Komissiya üzv ölkələri islahatlara təşviq etmək üçün yeni paket tədbirlərdən istifadə edəcək. Məqsəd bacarıqların artırılması, iş yerlərinin keyfiyyətinin yaxşılaşdırılması və sosial müdafiə sistemlərinin gücləndirilməsidir.
Aydın
Şərhlər