Xəbər lenti

Z nəsli nümayəndələri - Onların ortaq xüsusiyyəti nədir?
Dünya 08:45 10.02.2026

Z nəsli nümayəndələri - Onların ortaq xüsusiyyəti nədir?

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə formalaşan Z nəsli son illər cəmiyyətin ən çox müzakirə olunan şəxslərinə çevrilib. Rəqəmsal mühitdə böyümələri, fərqli düşüncə tərzləri və sosial davranışları ilə seçilən bu nəsil həm valideynlərin, həm də işəgötürənlərin diqqət mərkəzindədir. 
 
Son dövrlərdə Z nəsli ilə bağlı araşdırmaların sayı sürətlə artır. 

Bəs Z nəsli nədir, hansı illəri əhatə edir?

Qaynarinfo xəbər verir ki, Z nəsli ümumilikdə 1997–2012-ci illər arasında doğulan insanları əhatə edən demoqrafik qrupdur. Bu nəsil Y nəsilindən sonra, Alfa nəslindən isə əvvəl gəlir. Z nəslinin böyük əksəriyyəti X nəslinin övladları hesab olunur.

Fərqli mənbələrdə Z nəslinin yaş aralığı müxtəlif şəkildə göstərilib:

"Oxford Dictionaries" Z nəslini "XXI əsrin ikinci onilliyində yetkinlik yaşına çatan nəsil” kimi tanımlayır.

"Oxford Learner’s Dictionaries" bu nəslin 1990-cı illərin sonu ilə 2010-cu illərin əvvəlləri arasında doğulan insanları əhatə etdiyini bildirir.

"Merriam-Webster" isə Z nəslini 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində doğulanlar kimi təsnif edir.

"Statistics Canada" Z nəslinin 1993–2011-ci illər arasında doğulduğunu qeyd edir.

Psixoloq Cen Tvinq bu qrupu "iGeneration” adlandıraraq 1995–2012-ci illər arasında doğulanları daxil edir.

Avstraliyanın McCrindle Araşdırma Mərkəzi isə Z nəslini 1995–2009-cu illərdə doğulanlar kimi müəyyənləşdirir.

Z nəslinin əsas xüsusiyyətləri

Z nəsli uşaqlıqdan internet və daşınan rəqəmsal texnologiyalarla böyüyən ilk sosial nəsil hesab olunur. Bu səbəbdən onlar tez-tez "rəqəmsal yerlilər” adlandırılır. Texnologiya ilə sıx əlaqə onların gündəlik həyat tərzini, ünsiyyət formasını və dünyagörüşünü formalaşdırıb.

Araşdırmalar göstərir ki, Z nəslində ekran qarşısında uzun müddət qalmanın mənfi təsirləri xüsusilə yeniyetmələrdə daha qabarıq görünür. Əvvəlki nəsillərlə müqayisədə, bir çox inkişaf etmiş ölkələrdə Z nəslinin nümayəndələri riskdən daha çox qaçan, daha ehtiyatlı və sakit həyat tərzinə üstünlük verən fərdlərdir. Gənc yaşda hamiləlik göstəriciləri bu nəsildə əvvəlkilərə nisbətən daha aşağıdır.

Bununla yanaşı, Z nəslinin gəncləri akademik uğur və gələcək iş imkanları ilə bağlı daha çox narahatlıq keçirir. Maraqlıdır ki, bütün bu narahatlıqlara baxmayaraq, əvvəlki nəsillərlə müqayisədə zövqü və istəkləri daha yaxşı təxirə sala bilirlər.

Sağlamlıq və sosial vərdişlər

Z nəslində allergiya halları, psixoloji problemlər və zehni sağlamlıqla bağlı diaqnozlar daha çox müşahidə olunur. Həmçinin bu nəsildə yuxusuzluq riski daha yüksəkdir. Dünyanın bir çox ölkəsində Z nəslinin nümayəndələri elektron cihazlara daha çox vaxt ayırır, kitab oxumağa isə əvvəlki nəsillərə nisbətən daha az vaxt sərf edirlər. Mütəxəssislər bunun diqqət müddətinə və söz ehtiyatına təsir göstərə biləcəyini bildirirlər.
 
Günay

--> -->