Dünya 12:48 09.06.2022

Zelenski: Donbasın taleyini Severodonetsk uğrunda "amansız" döyüş həll edəcək (FOTOLAR)

Ukraynanın Severodonetsk şəhəri uğrunda gedən döyüş amansızdır və Donbas regionunun taleyini həll edəcək. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Rusiya qoşunlarının Ukraynanın şərqindəki əməliyyatları şəhəri xarabalığa çevirib.

Paytaxt Kiyevə nəzarəti ələ keçirə bilmədikdən sonra Kreml indi Rusiyanın dəstəklədiyi separatçıların 2014-cü ildə Ukrayna hökumətinin nəzarətindən ayırdığı Donbası tamamilə "azad etməyə” çalışır. 

24 Fevral işğalından əvvəl Donbasın təxminən üçdə biri separatçıların əlində idi.

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü video bəyanatında deyib: "Bu, çox qəddar döyüşdür, çox çətin, bəlkə də bu müharibə boyu ən çətin döyüşlərdən biridir".

"Severodonetsk Donbasdakı toqquşmanın episentri olaraq qalır... Bizim Donbasın taleyi əsasən elə burada həll olunur”, - o əlavə edib.

Ukraynalı döyüşçülər çərşənbə günü şəhərin kənarına geri çəkiliblər, lakin orada mümkün qədər uzun müddət döyüşməyə iddialıdırlar. 

"Düşmən bölmələrimizi minaatan, artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemi ilə atəşə tutub, - Ukraynanın Baş Qərargahı cümə axşamı bildirib. - O, Syeverodonetsk, Lisıçansk, Privillya, Ustinivka, Horske və Katerinivka yaşayış məntəqələrində mülki infrastrukturu atəşə tutub".

Nurlan Hüseynov