Sağlamlıq 14:26 13.02.2023

Zəlzələ bölgəsində epidemiya ehtimalı varmı? - Ekspertlərin rəyi

"Zəlzələ bölgəsində vəbanın yayılma təhlükəsi daha çox gözlənilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev Türkiyədə zəlzələ olan ərazilərdə gələcəkdə törəyə biləcək fəsadlardan və dağıntılar altından çıxardılan insanların səhhətindən danışarkən deyib. İnfeksionist hesab edir ki, bunun qarşısını almaq üçün tədbirlər görüləcək:

 
"Bununla bağlı türk mətbuatında deyilənlər düzgündür. Soyuq havada, dərin məsafədə dağıntılar altında qalırlar. Müəyyən müddətdə orada isti hava kütləsi oynayır ki, bu da meyitlərin çürüməsinə, tez iyilənməsinə səbəb olur. Bundan əlavə, həmin şəxslərin soyuducularında, evlərində olan ərzaq məhsulları var ki, bunlar da çürüntüyə məruz qaldıqca ətrafı üfunət iyi basacaq. Ona görə də hazırda dağıntılar altında qalan insanları çıxardan xilasedicilər F-95 maskadan istifadə etməlidirlər. Onu da tez-tez dəyişməlidirlər. Maskalar ikiqat, yaxud üçqat olsa, daha yaxşıdır. Dağıntı ərazisi tez-tez dezinfeksiya olunmalıdır. Hazırda orada kanalizasiya, ayaqyolu məsələsi çox böyük problemdir. Üzü yaza gedirik, havalar getdikçə istiləşəcək, orada doğrudan da vəbanın yayılma təhlükəsi daha çox gözlənilir. Onun üçün də həkimlər indidən bu xəbərdarlıqları edirlər. Çox məsələlər var ki, orada xəstəliyin epidemiya halını alması gözlənilir. Amma mənə belə gəlir, ona imkan verməzlər”.
 
Professor Adil Qeybulla isə bildirib ki, dağıntılar altından çıxarılan insanlarla həmin anda ünsiyyət qurmaq məsləhət deyil. Professor hesab edir ki, zəlzələdə dağıntılar altında qalan şəxslərin immun sistemi xeyli zəifləyir:
 


"Onlar ac və susuz qaldıqları üçün xeyli çəki itirirlər, soyuğa həssas olurlar. Təbii ki, onlarla ünsiyyət müəyyən infekson xəstəliklərin yayılmasına səbəb ola bilər. Zəif orqanizmi olan insanlar adi qripdən ağır xəstələnə bilər. Bu baxımdan onlarla ilk təmas məqsədəuyğun deyil. Ona görə də xilasedicilər özləri respiratorda olurlar. Digər tərəfdən də dağıntı altından çıxarılanların bədənləri dərhal qızdırılır, xüsusi folqaya bükülür ki, istilik itkisinin qarşısı alınsın”.

Bahar Rüstəmli