Xəbər lenti

Estetik cərrahdan burun əməliyyatı etdirmək istəyənlərə vacib məsləhətlər
Sağlamlıq 19:53 01.11.2025

Estetik cərrahdan burun əməliyyatı etdirmək istəyənlərə vacib məsləhətlər

Türkiyəli estetik cərrah Özcan Öcük burun əməliyyatı etdirmək istəyənlərə vacib məlumat verib.

Qaynarinfo-nun əlumatına görə, həkim bildirib ki, burun estetikası yalnız estetik məqsədlə edilən bir əməliyyat deyil, eyni zamanda sağlam nəfəs almaq üçün həyati əhəmiyyət daşıyır.

Burun estetikası, yəni rinoplastika, həm Azərbaycanda, həm də dünyada ən çox həyata keçirilən estetik əməliyyatlardan biridir. Həkim Öcük qeyd edib ki, bu əməliyyatlarda əsas məqsəd təkcə estetik görünüş deyil, burunun funksional sağlamlığını qorumaqdır:

"Burun estetikasında diqqət edilməli ən vacib məqam, burunun yalnız gözəl görünməsi deyil, xəstənin rahat və sağlam nəfəs ala bilməsidir. Düzgün planlaşdırılmış rinoplastika həm üz cizgilərinə uyğun təbii bir görünüş yaradır, həm də insanın həyat keyfiyyətini yüksəldir".

Mütəxəssis əlavə edib ki, burundan rahat nəfəs almaq sadəcə komfort məsələsi deyil, ümumi sağlamlıq üçün də vacibdir:

"Sağlam nəfəs almaq keyfiyyətli yuxu, enerjili həyat və rahat idman üçün zəruridir. Nəfəs darlığı yaşayan insanlarda yorğunluq, diqqət dağınıqlığı və yuxu problemləri tez-tez müşahidə olunur. Buna görə də burun estetikası planlaması mütləq şəkildə fərdi olmalıdır".

Dr. Öcük, daha əvvəl burun əməliyyatı keçirib, lakin nəticədən razı qalmayan xəstələr üçün edilən reviziya rinoplastika əməliyyatlarının da əhəmiyyətini vurğulayıb:

"Bəzi xəstələr daha əvvəl burun estetikası əməliyyatı keçiriblər, lakin istədikləri nəticəni ala bilməyiblər. Bu halda edilən reviziya əməliyyatları ilkin əməliyyatdan daha çətin olur, lakin düzgün planlama və diqqətli cərrahiyyə ilə çox uğurlu nəticələr əldə edilə bilər".

O, reviziya rinoplastikanın planlamasının əvvəlki əməliyyatın anatomik detallarının dəqiq analizinə əsaslanmalı olduğunu, bu mərhələdə isə təcrübə və düzgün cərrahi texnikaların həlledici rol oynadığını qeyd edib.

Burun estetikası etdirəcək şəxslərə xəbərdarlıq edən Dr. Öcük, sosial mediada gördükləri nümunələrə əsasən qərar verməmələrini tövsiyə edib:

"Hər burun, hər üz fərqlidir. Sosial mediada gördüyünüz bir burun forması sizin üzünüzə uyğun olmaya bilər. Əsas məqsəd təbii görünüş və sağlam nəfəs alma olmalıdır".

Dr. Özcan Öcük sözlərini belə tamamlayıb:

"Burun estetikasında əsas hədəf təbii görünüş və sağlam nəfəs almaqdır. Əməliyyat yalnız zahiri görünüşü deyil, xəstənin həyat keyfiyyətini də yaxşılaşdırmalıdır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->