Dünya 18:00 16.06.2022

Zülmətə qərq olan Avstraliya: ölkədə elektrik enerjisi böhranı yaranıb

Avstraliyanın enerji naziri Kris Boven  Yeni Cənubi Uels əyalətində əhalini işıqlarını söndürməyə çağırıb.
 
Bu barədə Qaynarinfo BBC saytına istinadla xəbər verir.

Kris Boven deyir ki, insanlar imkanları varsa, hər axşam iki saat elektrikdən istifadə etməsinlər. Avstraliyanın əsas topdansatış elektrik bazarı qiymət artımı səbəbindən dayandırılıb. Ona görə də Boven Yeni Cənubi Uelsdə yaşayan insanlardan mümkün qədər enerjiyə çox qənaət etmələrini istəyib.

Avstraliya dünyanın ən böyük kömür və maye qaz ixracatçılarından biridir, lakin keçən aydan bəri elektrik böhranı ilə mübarizə aparmağa məhkumdur. Ölkədə elektrik enerjisinin dörddə üçü hələ də kömür yandırmaqla istehsal olunur. 

Son həftələr kömür tədarükündə fasilələr, bir neçə kömürlə işləyən elektrik stansiyalarının bağlanması və qlobal enerji qiymətlərinin sürətlə artması Avstraliyada öz təsirini göstərib. Ölkənin kömürlə işləyən elektrik enerjisi istehsal gücünün təxminən dörddə biri kəsintilər və planlı təmir səbəbindən hazırda işləmir.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə qlobal kömür və qazın qiymətlərinin qalxması səbəbindən isə bəzi elektrik enerjisi istehsalçılarının xərcləri kəskin artıb. Ümumilikdə bütün bunlar ölkədə elektrik enerjisi böhranı yaradıb.

Nurlan Hüseynov