Xəbər lenti

Eyforiya sərxoşluğunun astanasında
Amal Abuşov
İdman 17:00 09.02.2026

Eyforiya sərxoşluğunun astanasında

"Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas bir aydan artıqdır ki, həm idman mətbuatından, həm də azarkeşlərdən xoş ismarıcılar eşidir. Bu da səbəbsiz deyil. Onun çalışdırdığı komanda hazırda Azərbaycan çempionatının şəriksiz lideridir. Özü də bu liderlik kürsüsünə "Qarabağ”ı məğlub etməklə yüksəlib.

Atalarımız "igidi öldür, amma haqqını ver” deyiblər. Biz də elə etmişik. Hazırda "Sabah” turnir cədvəlinin 1-ci pilləsini 46 xalla "özəlləşdirib”. "Qarabağ” "Sabah”dan bir oyun az keçirməklə 39 xal toplayıb. Yəni ki, itirilən xalların sayına görə "Sabah” "Qarabağ”ı 4 xal qabaqlayır. Bu mövsüm "Sabah” Premyer Liqada keçirdiyi 19 oyunun yalnız birində məğlub olub, Dambrauskasın çalışdırdığı komandanın iştirakı ilə keçirilən daha dörd qarşılaşmada isə qalib müəyyənləşməyib. "Sabah”ın qələbə qazandığı oyunların sayı 14-dür ki, yetərincə yaxşı göstəricidir. Hazırkı templə davam etsə, "Sabah” "Qarabağ”ı taxtdan salıb, futbolumuzun tarixinə adını yeni çempion kimi yazdıra bilər.

Obyektivlik naminə çox vacib bir nüansı da unutmayaq. "Sabah”ın bu uğurunda "Qarabağ”ın Çempionlar Liqasında yoluna davam etməsi, qitə nəhəngləri ilə eyni sırada dayanması böyük rol oynayır. "Sabah” üçün bu avrokubok mövsümü hələ avqust ayında bitib. Valdas Dambrauskasın komandası iki oyunun heç birində Sofiya "Levski”sinə qol vurmağı bacarmadı. Səfərdə 0:1 hesabıyla məğlub olan "Sabah” doğma meydanda qapısından iki cavabsız top buraxdı. Bununla da "Sabah” "avrokubok dərftəri”ni qapadıb, bütün fikrini-zikrini Azərbaycan çempionatına yönəltdi.

"Sabah”ın bir cəbhədə mübarizə aparması, "Qarabağ”ın isə daim uzaq səfərlərə, ağır rəqiblərə qarşı oyunlara hazırlaşması özünü hiss etdirməyə bilməz. "Sabah”ın əl-qolunu açan daha bir məqam var. O da legioner limitinin ləğv edilməsidir. Bu qərarın qəbulunda AFFA İcraiyyə Komitəsində və AFFA-nın rəhbərliyində oturan, "Sabah”a bilavasitə yaxın olan şəxslərin həlledici rol oynadığını bilməyən yoxdur. "Pul kisəsi”nin ağzını geniş açan "Sabah” legionerlərin gətirilməsinə görə xeyli xərcə düşüb. Mövsüm yarılanıb, amma "Sabah” hələ də legioner gətirir. PFL-in rüsum üçün qoyduğu ən sonuncu hədd də keçilib. Yəni ki, bu legionerləşməyə görə "Sabah” təkcə əcnəbi futbolçulara və onların menecerinə pul ödəmir, həm də PFL-ə rüsum verir. "Qarabağ”da Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev kimi milli üzvləri yüksəksəviyyəli oyunlarda meydana çıxırsa, "Sabah”da heç Azərbaycan çempionatında yerli oyunçu görmək olmur. Olanda da onlar bir-birini əvəzləyir, heyətdə "ikinci skiripka” rolunu daşıyırlar.

Olsun. Şərait var, hüquqi əsas yaradılıb, pul da kifayət edir. Buna görə litvalı Valdas Dambrauskası qınamağa dəyməz. Ondan nəticə tələb edirlər, o da bütün məqbul vasitələrlə hədəfə doğru gedir. Bu yaxınlarda Valdasın xeyli kitab oxumasını, öz üzərində daim işləməsini belə təqdir etmişdik. Deyəsən, bütün bunlar litvalını eyforiyaya doğru aparıb. Son oyunlarda "Sabah”ın yüksək məhsuldarlıq göstərməsi, rəqiblərin qapısına üçdən az top vurmaması bu "sərxoşluğun” dozasını lap artırıb. "Araz Naxçıvan”la oyundan sonra cənab Dambrauskas "Qarabağ”ın adının çəkildiyi sualı eşidib, "cin atı”na minib. Deyib ki, Azərbaycan futbolu təkcə "Qarabağ”dan ibarət deyil.

Belə yerdə adama deyərlər ki, nə tez "Qarabağı bəyənmədin, nə tez rəqibin adıyla qıcıq olmağa başladın, cənab Dambrauskas?! Sizdən "Sabah”ın əsas rəqibinin oyununun təxirə salınması ilə bağlı soruşublar ki, bunda da heç bir qəbahət yoxdur. Lap elə sual ürəyinizcə olmayıbsa belə, daha qısa və soyuqqanlı cavab vermək mümkün idi. Sizə görə narahat olmağımıza əsas verməyin. Ən azından hakim Tural Qurbanovun əvvəl təyin etdiyi, sonra fikrindən daşındığı penaltiyə baxıb, özünüzü bir az ağır aparardız. Unutmayın ki, hazırda heç bir komanda "Sabah” qədər dəstəklənmir, yolu hamarlaşdırılmır. Bütün bunlar sizin komandanızın Çempionlar Liqasında ölkəmizi təmsil etməsi üçün yox, hələ Azərbaycanda çempion olmağınız üçün edilir.

Odur ki, eyforiyadan sərxoş olmağa hələ tələsməyin, hörmətli Valdas Dambrauskas!

Amal Abuşov
--> -->