Hüseynbala Səlimov
Dünya 09:35 12.09.2022

NATO daxilindəki ziddiyyətlər Rusiyanın ümidlərini doğruldacaqmı?..

Məsəl var deyirlər ki, ümid insanı lap axırda tərk edir. Bunu dövlətlərə və dövlət başçılarına da aid etmək olar. Xüsusən də Rusiyaya. 

Sonuncular çox şeyə ümid edirlər. Birincisi, özlərini inandırmağa cəhd edirlər ki, Ukrayna ilə müharibə onların ölkəsi və iqtisadiyyatı üçün elə də fəsadlar yaratmayacaq. Amma müharibənin ilk günlərində deyilirdi ki, o, Rusiyaya hər gün bir milyard dollara başa gəlir. Bu hesabla Kreml artıq 180 milyarddan çox sərf edib müharibəyə. Üstəgəl, sanksiyalar və yasaqlar ola bilməz ki, Moskvanın iqtisadiyyatına ziyan vurmasın. 

İkincisi, NATO-nun genişlənməsini dayandıra bilməyən ruslar Alyans daxili ziddiyyətlərə - burada Şərqi Avropa ölkələrilə Brüssel və Türkiyə ilə digər Blok üzvləri arasındakı anlaşılmazlıqlara ümid edir. 

Amma düşünmürük ki, Orban və ya Ərdoğan Rusiyanın ümidlərini doğrultsun. Orbanın NATO daxilində yaratmaq istədiyi "fırtına” stəkan daxilində yaranan "fırtına” kimidir. O ki qaldı R.T.Ərdoğana, ruslar ona çoxdan ümid edir. Amma nahaq yerə. Hələ Vladimir Jirinovski deyirdi ki, guya şəxsən prezident Ərdoğan ona deyibmiş ki, Türkiyə NATO-nu tərk edəcək. Amma o günü görmək Jirinovskiyə qismət olmadı. Bizə elə gəlir ki, Putin də bunu görməyəcək. 

Bəli, NATO daxilində müəyyən ziddiyyətlər var. Xüsusən də NATO-ABŞ müstəvisində. Amma daha çox Yunanstanla ziddiyyətlər qabarıq görünür. Eləcə də Bloka üzv olmaq istəyən iki yeni ölkə ilə müəyyən ziddiyyətlər yaşanır. Ankara İsveçin və Finlandiyanın kürd separatistlərinə dəstək verdiyini iddia edir. Hamı maraqla Türkiyənin İsveçin və Finlandiyanın üzvlük protokollarını imzalayıb-imzalamayacağını gözləyir. Amma bundan böyük ziddiyyət gözləməyə dəyməz - düşünürük ki, son nəticədə protokollar imzalanacaq.

O ki qaldı Rusiyanın NATO ilə bağlı "böyük ümidlərinə”, onlar heç də çin olmayacaq. Bunu Rusiya-Ukrayna müharibəsi göstərdi. Birdən-birə iki ölkə - İsveç və Finlandiya NATO üzvü olmaq arzusunu bildirdi. 

Kreml NATO-nun genişlənməsini dayandırmaq istəyini bəyan etməklə əslində riyakarlıq edir. Birincisi, ona görə ki, Alyans liderləri dəfələrlə bəyan edirdilər ki, onların Ukraynanı tezliklə Bloka üzv qəbul etmək niyyətləri yoxdur. İkincisi, Moskvanın İsveçin və Finlandiyanın qərarına münasibəti göstərdi ki, onun NATO-nun genişlənməsini dayandırmaq iqtidarı yoxdur. Bunlar sadəcə, keçmis SSRİ məkanına nəzarətlərini bərpa etmək istəyirlər. Keçmiş SSRİ isə ilk növbədə Ukrayna deməkdir. 

Kiyev həm də slavyan dövlətidir və Kreml belə hesab edir ki, slavyan birliyi kartı özünü hələ tükəndirməyib – SSRİ parçalanandan sonra onlar üçü, yəni Rusiya, Ukrayna və Belarus qaldığı kimi, ən son anda da məhz onlar birlikdə qalmalıdırlar...

Məsəl var deyirlər ki, yara hələ isti olanda adam onun ağrısını hiss etmir. Rusiya üçün Ukrayna ilə müharibə də belədir. Səhərdən axşama qədər danışır və sanki özlərinə təsəlli verirlər. Avropa daxilində, NATO-da özlərinə dayaq axtarırlar, amma tapa bilmirlər. Düşünürük ki, gələcəkdə də tapa bilməyəcəklər...
 
Hüseynbala Səlimov