Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi nikah mərasimlərini köklü şəkildə dəyişdirəcək yeni rəqəmsal addım atıb: Artıq milliyyət və yaşayış yeri fərq etmədən bütün dünyadan cütlüklər üçün "virtual evlilik” imkanı yaradılıb.
Qaynarinfo xəbər verir ki, beləliklə, dünyanın istənilən yerində olan şəxslər artıq əmirliyə fiziki olaraq gəlmədən, yalnız internet üzərindən rəsmi nikah qıya biləcəklər.
Əbu-Dabi əmirliyi tərəfindən təqdim edilən bu yeni sistem sayəsində, istənilən ölkənin vətəndaşları əmirliyin onlayn tətbiqi vasitəsilə evlənə biləcəklər. Layihə rəhbəri Məhəmməd əl-Askar bildirib ki, bu xidmət TAMM adlı dövlət platformasının ən son versiyasına əlavə edilib. TAMM tətbiqi əmirlik sakinlərinə bir çox dövlət xidmətlərinə onlayn çıxış imkanı yaradır.
Yeni sistem üzrə virtual nikah bağlamaq istəyən cütlüklər əvvəlcə 218 dollar məbləğində ödəniş etməklə form dolduracaq. Daha sonra tələb olunan bütün rəsmi sənədlər internet vasitəsilə göndəriləcək. Ardınca nikahı rəsmiləşdirəcək şəxs təyin olunacaq və bütün mərhələlər tamamlandıqdan sonra Əbu-Dabi əmirliyi tərəfindən 24 saat ərzində onlayn mərasim təşkil edilərək nikah rəsmiləşdiriləcək.
Qeyd edək ki, ötən il Ukraynada da müharibə səbəbindən ayrı düşən cütlüklərin hökumət tətbiqi vasitəsilə nikah bağlamalarına imkan yaradan oxşar xidmət istifadəyə verilmişdi.
Aydın
Şərhlər