Xəbər lenti

Amal Abuşov
İdman 11:19 08.11.2025

"Qarabağ"ı Bakıdan "qovmaq" planı

"Qarabağ” yenə də üzümüzü ağ edib, bizi fərəhləndirib. London nəhəngi, klublararası dünya çempionatının sonuncu qalibi Bakıdan başıaşağı dönüb. Düzdür, "Qarabağ” "Çelsi”ni sözün əsl mənasında əlindən qaçırdı. Söhbət təkcə komandamızın 2:1 hesabıyla önə keçməsindən və qələbə hesabını qoruya bilməməsindən getmir. "Qarabağ” Londondan gələn qonaqlardan çəkinmir, müasir futbolun bütün elementlərini ortaya qoyur, azarkeşlərin də dəstəyindən yararlanaraq rəqibinə öz oyununu diqtə edirdi. Sərgilənən cəsarətli oyunun qarşılığında qələbə qazanıb, aktivimizə 3 xal yaza bilməməyimiz üzücüdür. Amma onunla da razılaşmalıyıq ki, indiki halda "Qarabağ” üçün 1 xal heç də pis nəticə deyil.

İndi biz ölkə olaraq bu 1 xalın sevincini yaşayırıq. Özü də bu qarşılaşma əlamətdar bir tarixin ərəfəsinə təsadüf edirdi. Azərbaycan Vətən Müharibəsində qazandığı möhtəşəm zəfərin beş illiyini qeyd edir. "Qarabağ”ın "Çelsi”yə qarşı sərgilədiyi cəsarətli oyun və qazanılan bir xal da bu Zəfər Bayramına "köhlən atlar”ın töhfəsi oldu. Bayram coşqusunu yaşamağa məhz avstriyalı hakimin final fitindən sonra başladıq. Taleyin qisməti idi ki, mən bu qarşılaşmanı Laçında yerləşən kinoteatrda yerli sakinlərlə birlikdə izləyirdim. Onlarla birlikdə sevindim, erməni işğalından azad olunmuş Laçındakı insanların "Qarabağ”ın sayəsində necə xoşbəxt olduğunu öz gözlərimlə gördüm.

Qarşılaşmadan sonra "Qarabağ” klubunun prezidenti Tahir Gözəl mətbuat nümayəndələri ilə səmimi söhbət edib, sevincini bölüşüb. Eyni zamanda da akademiya məsələsi yenidən gündəmə gəlib. Tahir bəy bildirib ki, klubun Suraxanıdakı bazasının yanındakı torpaq sahəsi onlara ayrılsa, həmin yerdə akademiya inşa etmək və azyaşlı futbolçuların ixtiyarına vermək arzusundadılar. Özü də bu məsələ illər öncə prezident İlham Əliyevin "Qarabağ”la görüşündə səsləndilib, həmin sahənin kluba verilməsi ən yüksək səviyyədə tapşırılıb. Kimlərsə indi həmin qərarı icra etmir. Bir müddət əvvəl "Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl də bu problemi gündəmə gətirib, AFFA-nın köməyinə bel bağladıqlarını demişdi. Təəssüflər olsun ki, hələ də nəticə yoxdur. 

İndi kimlərsə "Qarabağ” rəhbərliyini qınamaq fikrinə düşüb. İddia edirlər ki, "Qarabağ” Ağdamın təmsilçisi olduğuna görə akademiyanı orda tikməlidir, Suraxanıda torpaq həvəsinə düşmək qəbahətdir. Bu cür düşüncə sahiblərinin "təfəkkürünə” heyrət edirəm. Əvvəla, Ağdama və digər müqəddəs Qarabağ torpaqlarına dönüş planlı şəkildə aparılır, hələlik məskunlaşma başa çatmayıb. Kimsə deməyib ki, bu proses başa çatandan, "İmarət” kompleksi açılandan sonra orda "Qarabağ”ın dəstəyi ilə akademiya yaradılmayacaq. İndi orda yetərli sayda əhali yaşamırsa, bir akademiyaya toplaşacaq qədər istedadlı uşaq tapmaq mümkün deyilsə, tələm-tələsik akademiya həvəsinə düşməyin nə mənası var? Qəbul etməliyik ki, bu gün ölkə əhaləsinin mütləq əksəriyyəti Bakıda təmərküzləşib. Deməli, "Qarabağ” kimi böyük klubun Bakıda mütləq akademiyası olmalıdır ki, paytaxtda yaşayan uşaqlar "Qarabağ”ın bu akademiyasında inkişaf edə bilsinlər.

Bakıda "Qarabağ”ın uşaq akademiyasının olması kimi narahat edir? Bir qədər araşdırma edin, "Ayaks”dan tutmuş "Barselona”ya qədər bir çox böyük klubların nəinki öz ölkələrinin müxtəlif şəhərlərində, hətta Afrika qitəsində uşaq akademiyaları var. Hər il o akademiyalardan nə qədər istedadlı uşaq çıxır. İllərdir Bakıda "Qalatasaray”ın, "Beşikatş”ın, "Fənərbaxça”nın akademiya açmasını arzulamışıq. O zaman "Qarabağ”a Bakını "dar etmək”, klubu paytaxtdan Ağdama tələm-tələsik "köçürmək” həvəsinin arxasında nə dayanır? Bəlkə "Qarabağ”ın böyüklüyü Bakıda kimlərinsə yerini dar edib, ondan narahat olursuz?!

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->