Xəbər lenti

Amal Abuşov
İdman 14:53 10.03.2026

"Neftçi"nin bəhanəsi qalmadı

Yuri Vernidub "Neftçi”yə gəldiyi ilk günlərdə onun haqqında rəvayətlər-nağıllar danışılırdı, müxtəlif maraqlı məlumatlar yazılırdı. Bir dəfə qarşıma belə məlumat çıxmışdı ki, ukraynalı mütəxəssis onun üçün kirayə ev tutulmasını istəməyib, klubun bazasında qalacaq. Adam əcnəbi çalışdırıcının kluba qarşı belə diqqətcil və qənaətcil davranış sərgiləməsindən əməlli-başlı təsirlənirdi. Çünki "ağ-qaralar”ın xərcləri onsuz da çoxdur. Adrian Mutuya təzminat ödənilib bitdi-bitmədi bilmirik. Dəqiq bildiyimiz odur ki, Samir Abasov da işləməyə-işləməyə "Neftçi”dən maaş alır. İndi gəl bu qədər xərcin qarşısında dayan.

Vernidub kirayə ev tutulmasını istəməyib, bazada qalmağa üstünlük verəndə mən barmağımı dişləmişdim. Düşünmüşdüm ki, nəhayət bu zəhmətkeş komandanın qarşısına insaflı bir çalışdırıcı çıxdı. Nə vaxtsa Vernidubun "Neftçi”dən ayrılacağı gün kimi aydın məsələdir. Heç olmasa ukraynalı klubu xərcə salıb, təzminat istəməzdi. Amma yanıldığımı bu günlərdə anladım. Məlum oldu ki, Vernidubun bazada qalması "müvəqqəti çətinlik” imiş. Çalışdırıcı artıq "ağ şəhər”də kirayələnmiş lüks mənzilə köçüb. Klub onun həyat yoldaşını da Ukraynadan Bakıya gətirib. Allah Vernidubu və xanımı bir daha ayırmasın. 

Sözüm onda deyil. Əcnəbi çalışdırıcılar heç bir klubun qara qaşına, ala gözünə aşiq olub, öz vətənini tərk etmir. Sözsüz ki, məqsəd daha çox qazanmaq və daha yaxşı yaşamaqdır. O cümlədən də Vernidub yaşının bu vədəsində "Neftçi”nin xətri üçün həyat yoldaşından uzun müddət ayrı qalıb, bazada yaşayası deyildi. Mən bütün bunları yaxşı başa düşürəm və ukraynalıya haqq verirəm. Sadəcə, bu cür şeylərin ətrafında ucuz şou qurub, gəlmə çalışdırıcılardan mələk obrazı düzəldilməsini başa düşməyə çətinlik çəkirəm. Məşqçinin qiyməti onun bazada qalıb, kirayə ev tələb etməməsiylə yox, gördüyü işlə ölçülməlidir. Elə Vernidubun işinə qiymət vermək üçün artıq müəyyən zaman keçib. Nəticələrə görə fikir yürütmək mümkündür.

"Neftçi”nin çıxışına, Vernibudun işinə verilən qiymət komandanın turnir cədvəlində tutduğu yerdir. Turnir cədvəlinə nəzər salanda "Neftçi”nin 7-ci pillədə qərarlaşdığını görürük. Dünən axşam keçirilən oyunda "Neftçi” "Turan Tovuz”u məğlub edə bilsəydi, irəli boylanmaq, avrokubokların xəyalını qurmaq mümkün idi. Amma olmadı. "Turan Tovuz” "Neftçi”nin əl-qolunu bağladı, bir zərbə ilə görüşün, həm də "ağ-qaralar”ın bu mövsümkü perespektivinin taleyini həll etdi. Özü də oyunun gedişi, hakim idarəçiliyi elə oldu ki, əlavə bəhanəyə də əlyeri qalmadı. "Neftçi” uduzdu. Acı reallıq belədir, onu qəbul etmək lazımdır. Ümidlər yeni bahara qaldı...

Amal Abuşov
--> -->