Xəbər lenti

Aclığın və iztirabın fotoqrafı...
Məmməd SÜLEYMANOV
Sənət 10:00 04.07.2025

Aclığın və iztirabın fotoqrafı...

Mayın sonunda uzaq Braziliyadan dünya şöhrətli fotoqraf Sebastyan Salqadonun 81 yaşında vəfat etməsi xəbəri gələndə bütün informasiya məkanını heç olmasa bir neçə gün bu itkinin zəbt edəcəyinə inanırdım. Sadəlövh inamımda yanıldım. Dünya xəbərin üzərindən sükutla keçdi. 

Eyni vəziyyətlə 2023-cü ilin payızında qarşılaşmışdım - Jan-Lük Qodar dünyanı könüllü tərk edəndə. O vaxt da bəşəriyyət kimi itirdiyinin fərqində olmadı.

Sebastyan Salqadonu aclığın və iztirabın fotoqrafı adlandırırdılar. Ötən əsrin son onilliyinin elə bir müharibəsi və humanitar fəlakəti yoxdu ki, onun fotoaparatının yaddaşına düşməsin. Ruanda genosidi, Konqoda vətəndaş müharibəsi, Körfəz savaşı, Yuqoslaviya faciəsi... Aclıq, qaçqınlar, insan istismarı, hindulara qarşı repressiyalar, işçi hüquqları - heç biri Salqadonun gözündən qaçmadı. O, Robert Kapa, Kartye-Bresson, Yucin Smitlə başlayan məşhur fotoreportyorlar pleyadasının son mogikanı idi. Ancaq Kapa və Kartye-Bresson təkcə ağrıları yox, həm də mübarizəni göstərirdilərsə, Salqadoda biz yalnız ümidsizlik, barışqanlıq, məğlubiyyət görürük. Salqado öz dövrünü fikir ayıqlığı ilə dərk edirdi - biz hamımız tələdəyik. Və zəngin fermerin ailəsində doğulub böyümüş, imkanlı ailənin övladı olan, Dünya Bankında çalışmış, iqtisadçı diplomuna malik Salqado səbəbləri də bilirdi və göstərirdi. Səbəb - kapitalizmdir.

"Hər bir yaxşı fotoqraf həm də iqtisadçı və tarixçi olmalıdır”, - o, deyirdi. İqtisadçı təhsili və praktikası ona çılpaq həqiqəti görməyə yardımçı idi. Salqado kapitalizmi insanı insanlıqdan çıxaran, yalnız qazanc barədə düşünənlərin yönəltdiyi bir quruluş sayırdı. Gəncliyində Marksı və Lenini diqqətlə oxumuş, 1980-cı illərdə isə daimi yaşamaq üçün SSRİ-yə köçməyi planlaşdıran (buna Sovet dövlətinin süqutu mane oldu), özünü sosialist adlandıran Salqado müsahibələrindən birində deyirdi: "Biz dərin iqtisadi böhran vəziyyətində yaşayırıq. Çıxış yolunu vaxtilə Marks göstərmişdi. Artıq yeni bazarlar yoxdur. Fəth etmək və ya xammal mənbəyi kimi istifadə olunası yeni torpaqlar yoxdur. Odur ki, böhran qlobaldır”. 

Və bu qlobal böhran mənəviyyatı da yox edib. Və mərkəz kapitalizmi böhranı yeni ərazilərə köçürməklə öz vəziyyətini müvəqqəti yüngülləşdirmək üçün hər dəfə müharibələrə əl atır. Bir iqtisadçı kimi Salqado anlayırdı ki, vəhşi istismarın da, aclıq və əsarətin də, müharibələrin və humanitar fəlakətlərin də kökündə iqtisadi-maliyyə maraqları dayanır. Bunu anlamaq isə ikiqat kədərliydi.

Onun qızıl karyerində çalışan minlərlə işçinin təsvir olunduğu fotosu Dantenin "Cəhənnəm”ini xatırladır. "Mən insan gördüm ki, öz uşağının ölüsünü zibilliyə aparırdı. O, oğlunun ölüsünü dinməz-söyləməz zibilliyə atdı və heç nə olmamış kimi yanındakı tanışı ilə söhbət edə-edə getdi. Yer kürəsində insandan daha qorxulu vəhşi yoxdur”, - Salqado xatırlayırdı.

Yaxud onun dilindən başqa bir fotonun tarixçəsi: "Onlar daha güllədən qorxmurlar, başqa vacib problem var - aclıq. Humanitar yardımla dolu yük maşınlarının gəlməsinə hökumət mane olur. Bu, siyasətçilərin dəhşətli əclaflığıdır”. Burada söhbət 1990-ların Afrikasından gedir, ancaq sanki bu günün Qəzzası təsvir olunub. 

Sebastyan Salqadonun ağ-qara fotoları bizə başa salır: indiki dünya sistemində heç kim müharibələrdən və sosial katakalizmlərdən sığortalanmayıb. O, təsdiqləyirdi ki, gördüklərindən və çəkdiklərindən sonra insanlıqda peşman olmamaq çətin məsələdir. Onun fotolarındakı təsvirlər eybəcər, ancaq əvəzlənməyən siyasi-iqtisadi sistemin bəzək-düzəksiz sifətidir. Dildən acı Süzen Zontaq vaxtilə Salqadonu "yoxsulluğu və iztirabları estetikləşdirməkdə” ittiham edirdi. Halbuki Salqadonun vur-tut bircə məqsədi vardı - incəsənətin köməyilə bu qlobal qaranlığı insanların diqqətinə çatdırmaq, fəlakətin irq, din, millət, dövlət tanımadığını göstərmək.

Nail oldumu? Çətin ki. 

2014-cü ildə məşhur rejissor Vim Venders fotoqraf haqqında "Yerin duzu” sənədli filmini çəkdi (filmin ikinci rejissoru Salqadonun oğludur). Film Kannda nümayiş olundu, "Oskar”a namizəd oldu, "Sezar” mükafatını aldı. Orada Salqado fotoların tarixçələrini danışır, ümidsizliyini və kədərini bölüşür. Bəli, incəsənət artıq silah deyil. Toxlar acların səfalətinə, aclığına, müharibələrə biganədirlər. Salqadonun "Bütün bunlar hər yerdə təkrarlana bilər” xəbərdarlığı isə onlarda heç bir hiss oyatmır. Və Salqadonun filmdəki monoloqları da aydın göstərir: fotoqraf gördüyü dəhşətlərdən yorulub, son həddə çatıb.

Sonrası aydındır - Salqado haradan başlamışdısa, ora da qayıdır. Braziliyaya, atasının fermasına. Və metamorfoz - iqtisadçıdan fotoqrafa çevrilmiş Salqado fermerliyə dönür. Bu, onu bir insan kimi depressiyadan və bəlkə də intihardan xilas edir.

Onun döndüyü torpaq isə vaxtilə tərk etdiyi torpaq deyildi. Tropik meşələr qırılıb, müqavimət göstərən hindular təqib olunur və öldürülür, iqlim dəyişilib. Və yenə də problemin kökündə kapitalizm, onun iqtisadi maraqları, varlanmaq hərisliyi dayanır. Salqado meşələri bərpa etmək qərarına gəlir, həyat yoldaşı ilə birlikdə "Yer İnstitutu”nu təsis edir. Onların səyi nəticəsində 25 il ərzində 600 hektar ərazidə 2,5 milyon ağac əkilir, səhraya çevrilmiş ərazidə əvvəlki iqlim bərpa olunur. Salqado nə vaxtsa atasına məxsus olmuş torpaqları Braziliya xalqına bağışlayır. Hazırda ora Milli parkdır.

İnsanların qlobal fəlakətlərə qarşı birləşəcəyinə və kollektiv səylərə ümidini dəfn edən Sebastyan Salqado doğulub-böyüdüyü yerə qayıdıb fərdi fəaliyyəti ilə nümunə verdi - döyüş meydanında bir nəfər də döyüşçüdür...

Məmməd Süleymanov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->