XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı
Ölkə18:47 08.09.2026

10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı

Bakıda “MA Desserts Crepes” adlı kafedə müştərinin 1 800 manat dəyərində “Microsoft Surface” markalı noutbukunu oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə saxlanılan, 1969-cu ildə Bakı şəhərində anadan olmuş Əliməmmədov İntiqam Rafiq oğlu barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra sözügedən oğurluğu törədib. İntiqam Əliməmmədov kafeyə müştəri qismində daxil olaraq noutbuku oğurlayıb və selofan paketə qoyub.

Oğurladığı noutbuku 70 manata “20 Yanvar” metrostansiyası ərazisində satıb.

Təqsirləndirilən şəxs törətdiyi oğurluğu etiraf etsə də, zərərçəkmişə məxsus noutbukun 1 800 manat dəyərində olduğuna inanmadığını deyib. O bildirib ki, zərərçəkmiş şəxs ondan pul ala biləcəyini düşünür. Həmçinin qeyd edib ki, pulu olsaydı, oğurluq etməzdi.

Məhkəmədə zərərçəkmiş şəxs C.V. bildirib ki, 10 ilə yaxındır ekologiyaya aid sistem yaradıb və həmin sistemi noutbukunda saxlayıb. Buna görə də oğurluq nəticəsində ona böyük zərər dəyib.

Məhkəmənin hökmü ilə İntiqam Əliməmmədov Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydın