Böyük Britaniya kralı III Çarlzın adından göndərilən məktub şahzadə Harri və Meqan Marklın kral ailəsinin çalışan üzvləri olmadığını bir daha təsdiqləyib. Sasseks hersoqu və hersoginyasının nümayəndəsi məktubun ictimaiyyətə açıqlanmasından əvvəl bu barədə məlumatlandırılmamalarından təəccübləndiklərini bildirib.
Qaynarinfo xəbər verir ki, cütlüyün nümayəndəsinin sözlərinə görə, Harri və Meqan məktubun mediaya təqdim edilməsindən cəmi bir saat əvvəl onun məzmunu ilə tanış olublar. Lakin kral mənbələri onların məktubun ictimaiyyətə açıqlanmasından əvvəl xəbərdar edildiyini bildirir.
Məktub Kralın adından Lord Çemberlen tərəfindən göndərilib. Sənəd Şahzadə Harrinin komandasına, hökumət qurumlarına, hərbi rəsmilərə və kralın yerli nümayəndələri olan Lord-Leytenantlara çatdırılıb.
Məktubda Harri və Meqanın bundan sonra da “işləməyən kral ailəsi üzvləri” statusunda qalacağı vurğulanır. Onlar “Əlahəzrət” (“His/Her Royal Highness”) titullarından istifadə edə bilməz və özəl vətəndaşlar olaraq qalırlar.
Sənədə əsasən, Harri və Meqanın Böyük Britaniyada keçirəcəyi tədbirlər şəxsi təşəbbüs kimi qiymətləndiriləcək və onlar həmin tədbirlərdə kral ailəsini təmsil etməyəcəklər. Bu mövqenin 2020-ci ildə cütlüyün kral ailəsindəki rəsmi vəzifələrindən geri çəkilməsi zamanı əldə olunan “Sandringem razılaşması”na uyğun olduğu bildirilib.
Həmin razılaşma Harri və Meqanın həm kommersiya fəaliyyətləri ilə məşğul olub, həm də kral ailəsinin çalışan üzvləri kimi fəaliyyət göstərməsini nəzərdə tutan “yarı içəridə, yarı çöldə” modelini istisna edirdi.
Kralın məktubunda onların xeyriyyə fəaliyyətlərinin şəxsi xarakter daşıdığı və kral ailəsinin adından həyata keçirilmədiyi də qeyd olunub. Harriyə “Invictus Games” daxil olmaqla, dəstəklədiyi xeyriyyə layihələrində iştirakını davam etdirməsi gözlənilir. “Invictus Games”in gələn il Birmingemdə keçirilməsi planlaşdırılır.
Bu arada, Harri və Meqanın Böyük Britaniyaya qayıtmasından sonra onların vergi ödəyicilərinin hesabına maliyyələşdirilən təhlükəsizlik tədbirləri də müzakirə olunur. Kral və yüksək səviyyəli şəxslərin təhlükəsizliyinə dair qərarlar qəbul edən Ravec komitəsinin bu həftə Sassekslərin mühafizə səviyyəsini nəzərdən keçirəcəyi bildirilir.
Harri daha əvvəl Böyük Britaniyada ona kifayət qədər polis mühafizəsinin verilməməsindən narazılığını ifadə edib. Ölkənin Daxili İşlər Nazirliyi isə təhlükəsizlik tədbirlərinin təfərrüatlarını açıqlamayıb.
Məktubun yayılması Harri və Meqanın payız aylarında Britaniyada bir sıra ictimai tədbirlərdə iştirak etməsi gözlənilən vaxtda baş verib. Eyni zamanda, Meqanın aktyorluğa qayıtmağı düşündüyü barədə xəbərlər yayılıb.
Aydın
Şərhlər