Xəbər lenti

100 yaşına çatmaq üçün nə yemək lazımdır? - 8 məhsul açıqlandı
Sağlamlıq 08:45 07.01.2026

100 yaşına çatmaq üçün nə yemək lazımdır? - 8 məhsul açıqlandı

Uzun və xəstəliklərdən uzaq həyat bir çox insan üçün əsas prioritetdir. Məhz buna görə uzunömürlülərə heyran qalır və onların sağlamlığı qoruyub 100 və daha artıq yaşamasına nə səbəb olduğunu anlamağa çalışırıq.

Qaynarinfo xəbər verir ki, "RealSimple” nəşri bir neçə mütəxəssislə söhbət edərək uzunömürlülərin, xüsusilə qidalanma ilə bağlı vərdişlərini daha yaxından araşdırıb.

"Uzunömürlülər dünyanın müxtəlif yerlərində yaşayır. Lakin bəzi bölgələrdə qeydiyyat digərlərinə nisbətən daha yaxşı aparılır və məhz bu yerlərdə uzunömürlülərin sayı daha çoxdur. "Mavi zona" fenomeninin səbəblərindən biri də budur”, deyə dünyanın ən yaşlı insanlarını sertifikatlaşdıran və araşdıran "LongeviQuest” bazasının qurucusu Ben Meyers bildirib.

Tibb elmləri doktoru, Amerika Sertifikatlaşdırılmış Tibb Bacıları Cəmiyyətinin üzvü Bredli Vilkoksun sözlərinə görə, ən məşhur "mavi zonalar” Yaponiyanın Okinava adası ətrafındakı kənd əraziləri, Yunanıstanda İkariya, İtaliyada Sardiniya və ABŞ-də Loma-Linda bölgələridir.

Mütəxəssislər bu bölgələrdə yaşayan insanların həyat tərzini təhlil etdikdə bir çox ortaq cəhətlərin olduğunu görürlər. Onlardan biri gündəlik həyatda stressdən uzaq durmaqdır.

"Müəyyən etdik ki, uzunömürlülər nəzarətlərindən kənarda olan problemlərə yox, öz həyatlarına və sevdikləri insanların həyatına fokuslanırlar. 50 həftə əziyyət çəkib iki həftəlik məzuniyyət üçün yaşamaq ideyası uzunömürlü insan üçün anlaşılmaz olardı”, deyə Meyers qeyd edib.

Diyetoloq-nutrisoloq Emi Devisin sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan uzunömürlüləri birləşdirən digər cəhətlər fiziki aktivlik, güclü icma hissi və siqaretdən imtina etmələridir. Lakin xüsusilə onların qidalanması diqqət çəkir.

"Uzunömürlülərdə müşahidə olunan bəzi qidalanma modellərinə doyumlu səhər yeməyi, əsasən bitki mənşəli qidaların seçilməsi, arıqlama pəhrizlərindən uzaq durmaq, spirtli içkilər və şirniyyatların ölçülü istehlakı daxildir”, deyə Devis vurğulayıb.

Bu yanaşmaları nəzərə alaraq, mütəxəssislər uzunömürlülərin qidalanmasında əsas yer tutan 8 məhsulu seçiblər.

1. Paxlalılar

"Uzunömürlülər arasında ən populyar məhsullardan biri paxlalılardır. Onlar liflə zəngindir və orqanizmi bitki mənşəli zülalla təmin edir”, deyə Devis bildirib. 

Onun sözlərinə görə, paxlalılar xolesterin və qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağa, xroniki xəstəliklər riskini azaltmağa kömək edir. Bu qrupa lobya, noxud və mərcimək daxildir.

2. Zeytun yağı

100 yaşına çatan insanların mətbəxində tez-tez rast gəlinən məhsullardan biri də zeytun yağıdır. O, faydalı doymamış yağlarla zəngindir və xolesterinin optimal səviyyəsini dəstəkləyir. Tərkibindəki E və K vitaminləri iltihabı azaldaraq xroniki xəstəlik riskini aşağı salır.

3. Qoz-fındıq və toxumlar

"Vitaminlər, minerallar və doymamış yağlarla zəngin olan qoz-fındıq da uzunömürlülərin rasionunda əsas yer tutur”, deyə Devis bildirib. 

Onun sözlərinə görə, bu məhsullar ürək xəstəlikləri və iltihab riskini azaldır. Toxumlar da oxşar tərkibə malik olduğu üçün uzunömürlülük istəyənlər üçün tövsiyə olunur.

4. Çay

Yaşıl, qara, bitki çayı, kofeinli və ya kofeinsiz – çay "mavi zona” sakinləri arasında ən populyar içkilərdən biridir. Bunun əsas səbəbi onun antioksidantlarla zəngin olmasıdır. Araşdırmalar göstərir ki, çay immuniteti, ürək, bağırsaq və beyin sağlamlığını, həmçinin maddələr mübadiləsini dəstəkləyir.

5. Dəniz məhsulları

"Alimlər müəyyən ediblər ki, uzunömürlülər daha az ət yeyir, rasionlarına isə daha çox balıq və digər yağsız dəniz məhsulları daxil edirlər”, deyə Devis qeyd edib. 

Bunun səbəbi bir çox "mavi zona”nın dəniz kənarında yerləşməsi ola bilər. Xüsusilə yağlı balıqlar omeqa-3 yağ turşularının nadir təbii mənbələrindəndir və güclü iltihabəleyhinə təsir göstərərək immunitet, beyin və ürək sağlamlığını dəstəkləyir.

6. Mayalı tam taxıllı çörək

Mayalı tam taxıllı çörək uzunömürlülərdə müşahidə olunan bir neçə qidalanma tendensiyasını özündə birləşdirir. "Tam taxıllar lif, minerallar və B qrupu vitaminləri ilə zəngindir və ürək-damar xəstəliklərindən ölüm riskini azaldır”, deyə Devis vurğulayıb. 

Araşdırmalar göstərir ki, uzunömürlülərin bir çoxu çörəyi evdə, məhz mayadan istifadə etməklə bişirir. "National Library of Medicine”də dərc olunan tədqiqata görə, maya xəmirdə fermentasiya yaradır, qlütenin bir hissəsinin parçalanmasına kömək edir və çörəyin həzmini asanlaşdırır. Belə çörəyin qlisemik indeksi də daha aşağıdır.

7. Şirin kartof

Şirin kartof lif, kalium, A və C vitaminləri, eləcə də immuniteti, ürək-damar sistemini və maddələr mübadiləsini yaxşılaşdıran faydalı bitki birləşmələri ilə zəngindir.

8. Sarıkök

Bəzi ədviyyatlar, xüsusilə zərdəçal da uzunömürlülüyə töhfə verə bilər. "Sarıkök flavonoidlər kimi fitonutrientlərlə zəngindir və daha uzun həyat üçün faydalı ola bilər”, deyə Vilkoks bildirib. 

Sarıkökün tərkibindəki kurkumin iltihabı azaltmağa kömək edir və ümumi sağlamlığı, xüsusilə beyin fəaliyyətini dəstəkləyir.

Aydın

--> -->