Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin 12 manatlıq quldurluqda ittiham olunduğu cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Qaynarinfo xəbər verir ki, ittihama əsasən, quldurluq hadisəsi Bakıda gecə saatlarında baş verib.
Akif Qasımov (ad və soyad şərtidir) və Sakit Əzizov (ad və soyad şərtidir) əvvəlcədən razılaşaraq zərərçəkmiş şəxsin qarşısına çıxıblar. İstintaqın versiyasına əsasən, onların arasında rol bölgüsü olub. Sakit zərərçəkmişin müqavimətini qırmaq üçün ona yumruq və təpiklərlə zərbələr endirib. Akif isə həmin vaxt kişinin köynəyinin cibinə əl salaraq pul kisəsini çıxarıb. Pul kisəsində 12 manat olub.
İttihamda bildirilir ki, daha sonra hər iki şəxs hadisə yerindən uzaqlaşıb və cinayət yolu ilə əldə etdikləri pulu aralarında bölüşüblər.
Məhkəmə zamanı müttəhimlər verilən ittihamı qəbul etməyiblər.
Sakit Əzizov bildirib ki, zərərçəkmiş şəxsi əvvəldən tanıyıb və ondan narkotik vasitə alaraq istifadə edib. Onun sözlərinə görə, hadisədən 2-3 gün əvvəl zərərçəkmişə marixuana gətirməsi üçün 10 manat verib. Qarşı tərəf pulu götürərək səhər marixuananı gətirib verəcəyini vəd edib. Lakin bunu etməyib.
Hadisə günü Sakit kafedən çıxdıqdan sonra zərərçəkmişi görüb və yanına yaxınlaşıb. O, 10 manatını geri istəyib. Zərərçəkmiş isə üzərində pul olmadığını və pulu olanda qaytaracağını deyib.
Bu zaman Akif Qasımov onların yanına gəlib. Sakitin sözlərinə görə, bir qədər söhbət etdikdən sonra Akif əlini zərərçəkmişin köynəyinin cibinə salaraq pul kisəsini çıxarıb və ona verib. Kisədə 12 manat olub.
Bundan sonra zərərçəkmişlə aralarında mübahisə yaranıb. Müttəhim bildirib ki, zərərçəkmiş sərxoş olub və onun ünvanına nalayiq ifadələr işlədib. O da söyüşlərə əsəbiləşərək zərərçəkmişə yumruq və təpiklərlə zərbələr endirib.
Sakit Akiflə əvvəlcədən əlbir olmadığını və quldurluq etmək barədə razılaşmadıqlarını iddia edib.
Akif Qasımov da ittihamı qəbul etməyib. O bildirib ki, hadisə günü kafedə spirtli içki qəbul edib. Kafedən çıxarkən Sakitlə zərərçəkmiş şəxsin söhbət etdiyini görüb və onların yanına yaxınlaşıb.
Akifin ifadəsinə əsasən, söhbət zamanı əlini zərərçəkmişin cibinə salaraq pul kisəsini çıxarıb və Sakitə verib. Sakit də pul kisəsindəki vəsaiti çıxararaq ona verib. Akif isə pulu zərərçəkmişə qaytarması üçün yenidən Sakitə verib və oradan uzaqlaşıb.
O, Sakitin zərərçəkmişi döyməsini görmədiyini bildirib.
Zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadə isə müttəhimlərin söylədiklərindən fərqli olub.
O bildirib ki, həmin gecə kafedən çıxaraq piyada evinə gedərkən Sakit ona yaxınlaşıb və pulunu başqa yerlərə xərcləməməsini, pullarını onlara verməsini deyib. Daha sonra Akif də onların yanına gəlib.
Zərərçəkmişin sözlərinə görə, Akif pul verməsini tələb etdikdən sonra əlini onun köynəyinin cibinə salıb və pul kisəsini çıxarıb. İddiaya görə, Akif pul kisəsini açaraq içərisindəki 12 manatı götürüb cibinə qoyub, pul kisəsini isə Sakitə verib. Sonradan pul kisəsi zərərçəkmişə qaytarılıb.
Lakin o, pulunu geri tələb etdikdə vəziyyət dəyişib. Zərərçəkmişin ifadəsinə görə, Sakit qəfil onun sifət və baş nahiyəsinə yumruqla zərbələr endirməyə başlayıb.
Zərbələr nəticəsində yerə yıxılan kişi xəsarətlər alıb. O, bir müddət gözlərinin qaraldığını bildirib. Özünə gəldikdən sonra ətrafına baxdığını, lakin artıq heç kimi görmədiyini deyən zərərçəkmiş hadisə barədə “102” xidmətinə məlumat verdiyini bildirib.
Zərərçəkmiş həmçinin qeyd edib ki, şikayət ərizəsini geri götürüb və hazırda müttəhimlərdən şikayətçi deyil.
Buna baxmayaraq, məhkəmə iki şəxsin də qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməsi qənaətinə gəlib və hər iki şəxsi Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən quldurluq) ilə təqsirli bilib.
Sakit Əzizov 8 il 6 ay, Akif Qasımov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər