DxOMark laboratoriyası 2026-cı ilin iyul ayı üçün ən yaxşı kameralı smartfonların yenilənmiş reytinqini açıqlayıb. Siyahıda ilk üç yeri "Huawei", "Vivo" və "OPPO" markalarının modelləri tutub, "Apple" isə ilk beşlikdən kənarda qalıb.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər reytinqi hazırlayarkən DxOMark Analyzer adlı peşəkar test sistemindən istifadə ediblər. Qiymətləndirmə zamanı şəkillərin kəskinliyi, səs-küy (noise) səviyyəsi, dinamik diapazon, rəng ötürülməsi və avtofokusun işi yoxlanılıb.
Reytinqə 175 balla "Huawei Pura 80 Ultra" başçılıq edir. Smartfon 1 düymlük iri sensoru, çıxarılan optik sistemi və 10 dəfəyədək optik zum təklif edən iki periskop kamerası sayəsində müxtəlif çəkiliş şəraitində yüksək nəticə göstərib.
İkinci pillədə "Vivo X300 Ultra" qərarlaşıb. Model liderdən cəmi 5 xal geri qalıb. Smartfonun əsas üstünlüyü iki 200 meqapiksellik kamera ilə təchiz olunmasıdır. Bundan əlavə, istifadəçilər əlavə teleobyektiv qoşaraq cihazı peşəkar fotokameraya daha da yaxınlaşdıra bilirlər.
İlk üçlüyü isə 170 xalla "OPPO Find X9 Ultra" tamamlayır.
"iPhone 17 Pro" ilk beşliyə düşə bilmədi
Reytinqdə "iPhone 17 Pro" yalnız 6-cı yeri tutub. DxOMark ekspertləri bildiriblər ki, cihazın kamerası əvvəlki nəsillə müqayisədə təkmilləşdirilsə də, qapalı məkanlarda və zəif işıqlandırma şəraitində çəkiliş zamanı səs-küyün yüksək olması, həmçinin orta səviyyəli zumda detalların itməsi onun nəticəsinə mənfi təsir edib.
Bundan başqa, foto çəkilişi baxımından "Vivo X200 Ultra", "OPPO Find X9 Pro", "Xiaomi 17 Ultra" və "Honor Magic 8 Pro" modelləri də bazarın ən uğurlu smartfonları sırasında göstərilib.
"Apple" yeni kamera texnologiyası hazırlayır
Məlumata görə, "Apple" gələn il təqdim edilməsi gözlənilən "iPhone 18 Pro" modelində kamera sistemini əhəmiyyətli dərəcədə yeniləməyi planlaşdırır. Əsas yeniliklərdən biri dəyişən diafraqmalı əsas kamera olacaq ki, bunun da zəif işıq şəraitində çəkilən şəkillərin keyfiyyətini artıracağı bildirilir.
Eyni zamanda, Android istehsalçıları da 100 meqapiksellik ön kamera və 1:1 formatlı kvadrat sensor üzərində çalışırlar. Bu texnologiyanın "Apple"ın Center Stage funksiyasına rəqib olacağı gözlənilir.
Günay
Şərhlər