İslandiyanın “Treble Technologies” şirkəti fiziki süni intellekt (Physical AI) texnologiyalarının inkişafı üçün 18 milyon dollar investisiya cəlb edib.
Qaynarinfo xəbər verir ki, şirkət səsin müxtəlif fiziki mühitlərdə yayılmasını rəqəmsal şəkildə simulyasiya edən texnologiya hazırlayır.
Bu sistem robotlar, ağıllı cihazlar və digər məhsulların real mühitdə sınaqdan keçirilməzdən əvvəl səsləri necə qəbul edib onlara reaksiya verəcəyini virtual şəraitdə yoxlamağa imkan yaradır.
“Treble Technologies” hesab edir ki, bu texnologiya fiziki süni intellekt sistemlərinin inkişafında mühüm rol oynaya bilər. Robotların və avtonom cihazların ətraf mühiti daha düzgün qavraması üçün görüntü ilə yanaşı, səs məlumatlarını da qəbul etməsi vacib amillərdən biri hesab olunur.
Şirkətin açıqlamasına görə, yeni investisiya əsasən ABŞ bazarında fəaliyyətin genişləndirilməsinə və texnologiyanın daha da inkişaf etdirilməsinə sərf olunacaq.
“Treble Technologies”in hazırladığı texnologiyadan “Amazon” və “Logitech” kimi iri şirkətlərin də istifadə etdiyi bildirilir.
Şəbnəm İbrahimxəlilova
Şərhlər