1981-ci ildə Hindistanın Qaneş Talai kəndində dünyaya gələn Şeru Munşi adlı bir uşaq yoxsul ailəsinə dəstək olmaq üçün hələ çox kiçik yaşlarından qardaşı ilə birlikdə qatar stansiyalarında işləyib. Gündəlik işlərdən birində, qardaşını gözləyərkən yuxuya gedən 5 yaşlı Şeru ayıldığında panika içində evə dönmək ümidi ilə ilk gördüyü qatara minib. Ancaq bu səhv seçim onu ailəsindən 1600 kilometr uzaqdakı Kalkutaya aparıb.
Qaynarinfo xəbər verir ki, qatarla gəldiyi bu yad şəhərdə nə soyadını, nə də kəndinin adını düzgün deyə bilmədiyi üçün ona yardım edə biləcək heç kim tapılmayıb. Uzun müddət küçələrdə yaşayan azyaşlı uşaq nəhayət səlahiyyətlilər tərəfindən tapılaraq yetimxanaya yerləşdirilib. Buradan isə avstraliyalı bir ailə tərəfindən övladlığa götürülüb və yeni həyatına Tazmaniyada başlayıb. Onun həyat hekayəsi illər sonra bütün dünyaya nümunə olacaq və kinoya mövzu olacaq qədər təsirlidir.
Uşaqlıqdan qalan xatirələrlə 25 illik axtarış
Avstraliyalı ailəsi ilə xoşbəxt bir həyat sürməsinə baxmayaraq, Saru Brayerli (Şeru Munşi yeni həyatında bu adı alıb) illər boyu gerçək ailəsini tapmaq arzusundan vaz keçməyıb. Yetkinlik dövründə bu arzu daha da güclənincə, texnologiyanın imkanlarından istifadə etməyə başlayıb. O, "Google Earth" platformasında Hindistandakı qatar stansiyalarını, kəndləri araşdırmağa başlayıb və yaddaşında qalan silik görüntülər əsasında araşdırmalar aparıb.
Saru Brayerli və onu övladlığa götürən ailəsi
Bir gün beyninə həkk olunmuş görüntülərlə uyğun gələn bir yer tapıb - su anbarı, qatar stansiyası və qəsəbə adı onu köhnə ailəsinə aparacaq ipucu olub. Bu bölgəyə aid bir "Facebook" qrupunu taparaq ora qoşulub və məlumat toplamağa başlayıb. Qərar verdiyi anda isə təyyarəyə minib Avstraliyadan Hindistana uçub.
Gerçək ailəyə qovuşma və acı həqiqətlər
Hindistanda kəndbəkənd gəzən Saru nəhayət gerçək ailəsini tapıb. 5 yaşında itirdiyi evinə 30 yaşında qayıdan gənc, həm tanımadığı bir dünyaya gəlmiş kimi hiss edib, həm də sanki heç getməyib. Anası Fatima Munşi ilə aralarında dil və mədəniyyət fərqləri olsa da, bu, görüşlərinin sevincinə kölgə sala bilməyib.
Saru Brayerli və bioloji anası Fatimə Munşi
Görüşdən sonra Saru itkin düşdüyü gün nələrin baş verdiyini öyrənib. Ailəsi onu və qardaşı Quddunu günlərlə küçələrdə axtarmışdı. Ancaq bir neçə gün sonra Quddunun qatardan yıxılaraq həyatını itirdiyi məlum olub.
Polis böyük oğullarının cəsədini ailəyə təqdim etsə də, Şerudan heç bir xəbər olmayıb. Ailə bir övladını itirib, digərindən isə xəbərsiz illərlə gözləyib. Anası Fatima Sarunun bir gün qapıdan içəri girəcəyinə ümidini heç vaxt itirməyib.
Saru Brayerli Avstraliyaya qayıtdıqdan sonra yaşadıqlarını ailəsinə danışıb. Onu böyüdən anası Hindistana gedərək gerçək anası ilə tanış olmaq istəyib. Saru bu arzunu sevinclə qarşılayıb və iki anasını bir araya gətirib. Hətta Hindistandakı ailəsi üçün bir ev də alıb və maddi dəstək göstərib.
Hekayə filmlərə mövzu oldu
Saru Brayerlinin bu təsirli hekayəsi əvvəlcə "A Long Way Home" adlı avtobioqrafik kitabda yayımlanıb. Daha sonra isə "Lion" adlı filmə çevrilib. Filmdə Dev Patel və Nikol Kidman kimi məşhur aktyorlar rol alıb. 2016-cı ildə ekranlara çıxan film 6 Oskar nominasiyası da daxil olmaqla 59 film mükafatı qazanıb.
Saru Brayerli və "Lion" filmində həyatını təsvir edən Dev Patel
"Lion" filmindən kadr: Saru Brayerli və onun bioloji anası
Filmin "Lion" adlandırılmasının səbəbi də Sarunun gerçək adı ilə bağlıdır. "Şeru" hind dilində "aslan" mənasına gəlir.
Hazırda həyatını sakit şəkildə davam etdirən Saru Brayerli həm Avstraliyadakı, həm də Hindistandakı ailəsinə dəstək verir. Uşaqkən qaldığı yetimxanaya da yardım etməkdə davam edir. Müxtəlif konfranslarda iştirak edərək hekayəsini paylaşan Brayerli "Google Earth"ın sayəsində ailəsini tapması ilə texnologiyanın insan həyatına necə təsir edə biləcəyini bütün dünyaya göstərmiş olub.
Aydın
Şərhlər