Xəbər lenti

Ekonomiks 12:48 08.04.2026

"28 May" stansiyasında sərnişinlər üçün dəyişikliklər nə vaxt olacaq?

"Bakı Metropoliteni” QSC "28 May” stansiyası ətrafında planlaşdırılan dəyişikliklərə aydınlıq gətirib. 

Qaynarinfo xəbər verir ki, qurumun Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayevin sözlərinə görə, hazırda Dərnəgül deposu ərazisindən keçən və "Çinarlı” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirəcək avtomobil və piyada tunellərinin tikintisi davam edir.

Onun sözlərinə görə, Dərnəgül deposunun ikinci mərhələsinin tamamlanması məhz bu layihənin yekunlaşmasından asılıdır. Tunellərin inşası başa çatdıqdan sonra depo üzrə tikinti-quraşdırma işləri də yekunlaşacaq və obyekt mərhələli şəkildə istismara veriləcək.

Qeyd olunub ki, xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunelin tikintisinə hazırlıq gedir. Bu müddətdə qatarların hərəkəti "İçərişəhər–Əhmədli” (habelə "Əhmədli–Həzi Aslanov”), "Dərnəgül–Nizami” və "Cəfər Cabbarlı–Xətai” istiqamətləri üzrə təşkil olunacaq.

Tikintinin növbəti mərhələsində isə sərnişinlər "28 May” və "Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə etməli olacaqlar.

Məlumata görə, tunelin inşasının Dərnəgül elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində başa çatdırılması planlaşdırılır. Layihə yekunlaşdıqdan və bütün texniki sistemlər quraşdırıldıqdan sonra Qırmızı ("İçərişəhər–Həzi Aslanov”) və Yaşıl ("Dərnəgül–Xətai”) xətlər tam müstəqil fəaliyyət göstərəcək.

Sərnişinlər xətlər arasında keçid üçün "28 May–Cəfər Cabbarlı” əlaqəsindən istifadə edəcəklər.
--> -->