Nazlı Ağayeva
Ölkə 15:40 28.07.2020

300 dolları öldürən böyük komandir...

Nazlı Ağayeva

Doğum, həyat və ölüm şərtlərindən asılı olmayaraq, bizim komandirlər hər zaman olub, var və olacaqlar. Mənim bu yazıdakı təvazökar qəhrəmanım deyərmiş: "Döyüşdə əsgərin önündə olacaqsan, qalan bütün zamanlar arxasında..."

Çox illər keçib üstündən. Cahid "uşaqdan” soruşdum, 1997-98-ci illərin söhbəti imiş. Dırnağa aldığım uşaq qırxı adlayıb bu il. Ki, o zamanlar mənim qırx yaşıma iki-üç il qalırdı. 

Cahid qardaşım oğludu. "Qəfildən” əsgər yaşına çatıb bizdən ayrılanda atası ürək xəstəliyindən əziyyət çəkirdi. Naxçıvanda qulluq edən böyük qardaşının "əsgəri problemləri” üçün də mən "uçurdum” ora. Belə bir çətin vaxtda bu uşaq da Murova-zada düşsə, necə çatdıracaqdıq iki uzaq yolu? O vaxtlar "əsgərin harda, özün orda” məsələsi vardı. Vaxtaşırı necə lazımdırsa, dalınca getməsən, altını on qat çəkirdin. 

Üzürlü səbəbdən uşağı bircə möhlət ləngitmək üçün hərbi komissardan xahiş etdim. "Mən təmiz adamam, ordu quruculuğu məndən ötrü ləyaqət məsələsidir” deyə şüvən saldı. O arada evindən yaxındakı iş telefonuna zəng vurdular ki, oğlu lazım olan balı toplaya bilməyib. Onu nədəsə günahlandırırdılar deyəsən. Birdən adam mənə məhəl qoymadan səsini qaldırdı:

– Bilməyib-bilməyib, hər "otpravkada” bir bəhanə ilə saxlamırammı? Qoyun işləyək də! 

Sivişib otaqdan çıxdım. Evdə cavab gözləyən anam qırımımdan əliboş gəldiyimi anlayıb susdu. Cahidi əsgər yola saldığımız gün bəlkə Bakı ətrafına salmaq olar deyə avtobusun arxasınca Biləcəriyə getdim. O zamanlar orası tam bir bazar olub kimin hara düşəcəyi valideynin cibinə bağlı idi. Naxçıvan, Murov kimi yerlər xaric. Oralara düşmək havayıya başa gəlirdi.

Nəhəng meydanda kloun kimi fırlana-fırlana qalmışdım. Dəllallar yanımdanca valideynləri küncə çəkib bazarlıq edirdilər. Məni sayıb yaxınlaşan olmayacağını anlayıb alatoranda ətrafı güdən birinə yaxınlaşdım. Gecikmişəmmiş. Yalnız xüsusi təyinatlı hissəyə ehtimal qalmışdı. Özləri seçib götürəcəklərmiş. Danışa bilsəm, iki-yüz əlli-üç yüz imiş qiyməti. Təbii, adamın haqqı da öz yerində. Xeyli keçmiş hərbi formalı iki nəfəri nişan verib məni yüngülcə onlara sarı "itələdi”. 

Hündür, yaraşıqlı biri qarşısına dikilmiş həyəcandan titrəyən mənə "buyurun”, dedi. Qura bildiyim ən qısa cümlələrlə vəziyyəti izah etməyə çalışıb bizim uşağı əyər mümkünsə öz hissələrinə götürmək xahişilə nəhayət nəfəsimi dərdim. Ani sükutdan sonra "zorən müsahibim” əli bloknotlu digərindən nəsə soruşub mənə izah etdi ki, onların bircə nəfəri çatmır. Prinsipləri təyinat üzrə ən uyğun uşaqları götürməkdir. Durumumuzu nəzərə alaraq bizim uşağa da baxacaqlar. Amma tam arxayınlaşmayım, çünki uşaq göstəricilərə cavab verməlidir.

Həyəcan bir yana, həm də səhərdən dilimə sudan başqa heç nə dəymədiyindən başım gicəlləndi.  Özümü ələ almaq üçün xəyal qurmağa başladım. Evə qayıdanda pilləkəndə oturub məni gözləyən anama deyəcəm ki, qorxma, bu uşaq əl çatan yerdədi...

Boyundakı cüzi çatışmazlığa baxmayaraq, komandir Cahidi öz "çastına” götürdü o axşam. O isə ki, sonradan belə məsələlərdə nə qədər sərt və barışmaz olduğunu görüb məəttəl qalmışdı uşaq. O gecə iki qatlanmış üç yüz dollar ovcumda qaldı. "Cənab leytanant” deyə müraciət edilən şəxsin üzündən yağan ləyaqət, kişilik dollarları adi kağız parçasına döndərib öldürdü...

...Və o gecə uşaqla vidalaşıb ayrılandan sonra yanımda bir taksi saxladı. Tərəddüd etdiyimi görən komandir yaxınlaşıb: "Bura Biləcəridir, bacım, hər xəlvətxanada bütün müqəddəsləri satan bir dəllal durur, gecənin on ikisində sizi burda qoyub gedə bilmərik”, - deyib sürücüyə işarə etdi. Sürücü arxa qapını açıb "Montinə?” deyə soruşanda kəşfiyyatçı komandir artıq uzaqlaşmışdı. Mən kövrəlib hər şeyə görə sadəcə ağlayırdım...

*

O vüqarlı adamın ilk təəssüratımdan çox-çox yüksəklərə layiq biri olduğunu bir qədər sonra biləcəkdim. Hələlik isə qarşıdan soyuq payız gəlirdi və o payızın qış tədarükü üçün böyük bir külfətin ələ gələn iki iş qüvvəsi uzaqlardaydı. Çal-çəpər tökülmüşdü, mer-meyvə ağacda çürüyürdü, ən əsası da odun-ocaq yox idi. Bütün bunlar mənim gücümü aşan şeylər olsa da, onları o vəziyyətdə qoymayacaqdım. Amma necə? Yerli məmurların nəinki iki övlad, ellik ailə orduya getsə, dünya veclərinə olmaz. Yağışlı bir gecədə ağlıma ani gələn fikrə köklənərək Cahidin komandirinə məktub yazıb ona bu səbəblərdən məzuniyyət verməsini xahiş etdim. Anasının adından yazdığım ətraflı məktubda vəziyyət bütün çılpaqlığı ilə əks olunmuşdu. Amma bunun bir faydası olacağına inanmırdım. Uşağın getdiyi elə bir müddət deyildi. Hərbi də ki, belə dramlardan mütəəssir olası ədəbiyyat dərnəyi...

*

Məktubdan on gün keçə-keçməyə qapımızda dayanan RAF-dan düşən əsgərləri görüb ayaqlarım tutuldu, sonuncu görünənə qədər o dünyaya gedib-gəldim. Cahid nənəsini kiridəndə qonaq əsgərlərdən biri onları leytenant Paşayevin göndərdiyini bildirdilər. On günlük məzuniyyət dövründə uşaqlar kənddəki bütün qış hazırlıqlarını görəcəkdilər. Və  bir neçə ağzı tikişli böyük kisə vardı. Həmin əsgər dedi ki, o kisələri leytenanat Paşayev göndərib. Biri sovqat olmaqla kisələr ailəyə xərc olmasın deyə bizim yeməyimizdi.

Sovqat kisəsində məktubda bahalı çay, şirniyyat və sairə dükan məhsullarıydı. Məktubda bəhs olunan azyaşlı məktəblilərə kiçik hədiyyələr də qoyulmuşdu. Üç əsgərin "on günlük” azuqəsi isə əsgər payoklarından ibarətdi. Ki, neçə ay o payoklar ikili əsgər ailəsinin dadına da çatdı, üstəlik imkansız qonum-qonşuya da getdi. 

Əsgərlər qayıdanda o kisələri mer-meyvə, biş-düşlə doldurub cənab leytenant üçün ayrıca pay qoymuşduq. Ki, o boyda naz-nemətdən ikicə alma götürüb qalanını əsgərlərinin bayram süfrəsinə göndərmişdi.

...Mən o adamı cəmi bircə dəfə, bir neçə dəqiqəliyə görmüşdüm. Öz gördüklərimdən və Cahidin danışdıqlarından ürəyimdə yaranan İnsan obrazını ömrüm boyu unuda bilməyəcəm. Qarabağ döyüşçüsüymüş, mühariəbənin neçə qəlpəsini daşıyırmış canında. Əli heç bir şəkildə əsgər haqqına uzanmamış Dilqəm Paşayevdən hətta bəzi rütbəcə böyüklər çəkinirlərmiş. Özünə əmanət olunan hər bir əsgərin hekayətini öyrənib ona uyğun rəftar edərmiş. "Düşmən tapdağındakı torpaq ərazi deyil, şərəfimizdir”, söyləyərmiş.  Bir gün idman zalını göstərib "bura şəhidlərlə, yaralılarla  dolu idi” dediyi anda üzünün, səsinin necə dəyişdiyinə hər kəs donub qalıbmış...

Əsgərlikdən az sonra Cahid bir gün küçədən evə ruh kimi qayıdıb pıçıldadı: "Komandir qəzada həlak olub..." Eyni anda hamımızın ürəyindən keçəni anam yanğılı-yanğılı dilinə gətirdi:

– Bizim komandirmi, a bala??? 

O gün bizim evdə Şəmistan Əlizamanlının möhtəşəm "Cənab leytenanat”ı bir başqa havada səslənib hər kəsi ağlatdı. Leytenant Paşayev əsgərlərinə daim "Cənab leytenant”ı oxudurmuş. O mahnını çox sevərmiş bizim döyüşçü Komandir...