Ölkə 12:20 09.06.2022

470 alimdən pul alıb, 100 nəfəri apardılar - Şuşaya səfərlə bağlı dələduzluq

Bir qrup alimə Şuşaya səfər təşkil etmək adı altında dələduzluğa məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə tarixçi alim Arif Gürşadoğlu özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O deyib ki, Əlvan Cəfərov adlı şəxs "İKSAD AZERBAYCAN GENEL KORDİNATÖRÜ” təşkilat vasitəsi ilə Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi aldadıb:
 


"Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bu, çirkin oyundur. Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün Şuşaya gediblər. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər, hətta alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı?”.

Daxili İşlər Nazirliyi artıq məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlərin idarəyə müraciət etməsi xahiş edilir.