Xəbər lenti

5 metr uzunluğunda və yarım ton ağırlığında: Ən böyük sürünən...
Dünya 22:32 21.03.2026

5 metr uzunluğunda və yarım ton ağırlığında: Ən böyük sürünən...

Dünyanın ən böyük reptiliyası hesab edilən duzlu su timsahı — "Crocodylus porosus" — uzunluğu və çəkisi ilə seçilən ən iri yırtıcılardan biridir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Discover Wildlife” nəşri məlumat yayıb.

Mənbəyə görə, timsahların ölçüləri ilə bağlı tez-tez şişirdilmiş iddialar səsləndirilir. Məsələn, Avstraliyanın Kvinslend bölgəsində yaşadığı iddia olunan və uzunluğu 8,64 metr göstərilən "Kris” adlı timsahla bağlı konkret sübutlar kifayət qədər deyil. Bununla belə, duzlu su timsahlarının Yer üzündə ən böyük reptiliyalar olduğu şübhə doğurmur.
 


Yetkin erkək fərdlər adətən 5 metr uzunluğa çatır və təxminən 500 kiloqram çəkidə olur. Dişilər isə xeyli kiçikdir — onların uzunluğu adətən 3 metrdən az, çəkisi isə 100 kiloqramdan aşağı olur.

Qeyd olunur ki, qeydə alınmış ən böyük duzlu su timsahının uzunluğu təxminən 6,3 metr olub və çəkisinin 1500–2000 kiloqram arasında olduğu ehtimal edilir. Alimlər keçmişdə uzunluğu 7 metrə çatan timsahların mövcud ola biləcəyini də istisna etmirlər.
 


Bu yırtıcı geniş coğrafiyada — Hindistanın şərq sahillərindən Cənub-Şərqi Asiya və Şimali Avstraliyaya qədər müxtəlif dəniz mühitlərində yaşayır. Duzlu su timsahlarının ömrü 70 ildən çox ola bilər. Bəzi məlumatlara görə, Nil timsahları əsirlikdə daha uzun müddət yaşaya bilir.

Ölçülərinə görə duzlu su timsahından sonra Nil timsahı və Orinoko timsahı gəlir.
 


Duzlu su timsahı qida zəncirinin zirvəsində dayanır və müxtəlif canlılarla qidalanır. Onun əsas ovlarından biri dayaz sularda yaşayan və dəniz dibində qidalanan canlılardır.

Məsələn, yastı kürəkli dəniz tısbağaları tez-tez palçıqlı sularda vaxt keçirir və dəniz xiyarları, molyusklar, krevetlər kimi onurğasızlarla qidalanır. Bu xüsusiyyətlərinə görə onlar duzlu su timsahlarının sevimli ovlarından biri hesab olunur.

Aydın
--> -->