"Beş dəfədən artıq təkrarlanan süni mayalanma qadın orqanizmi üçün ciddi risk yaradır və həyati təhlükəyə səbəb ola bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Təranə Həsənova Azərbaycanda 63 yaşlı qadının ana olması ilə bağlı danışarkən deyib.
Həkimin sözlərinə görə, bu cür hallar dünya təbabətində olduğu kimi, Azərbaycanda da ilk deyil:
"Bəlkə də bu hadisə mediada geniş işıqlandırıldığı üçün rezonans doğurub. Reproduktiv tibb texnologiyaları son illərdə xeyli inkişaf edib və bu gün uzun illər menopauzada olan qadınların da hamilə qalmasına imkan yaradır. Adətən qadınlar 50 yaşdan sonra menopauzaya daxil olurlar. Müasir texnologiyalar isə 10 ildən artıq menopauzada olan qadınlarda belə hamiləliyin əldə edilməsinə şərait yarada bilir".
Təranə Həsənova bildirib ki, bunun üçün xüsusi hormonal müalicə tətbiq edilir:
"Əvvəlcə hormonal terapiya aparılır. Bu müalicə nəticəsində yumurtalıqlar və uşaqlıq fəaliyyətə hazırlanır. Daha sonra laboratoriyada əldə edilmiş embrion uşaqlığa köçürülür".
Ginekoloqun sözlərinə görə, bu prosedur yalnız sağlamlıq vəziyyəti buna imkan verən qadınlarda həyata keçirilə bilər:
"Hormonal terapiya yüksək riskli müalicə üsuludur. Buna görə də qadının ümumi sağlamlıq vəziyyəti yaxşı olmalıdır. Hamiləliyin baş verməsi qədər onun sonadək davam etməsi də böyük əhəmiyyət daşıyır. Bu, artıq qadının orqanizminin imkanlarından asılıdır. Belə hamiləliklər yüksək riskli hesab olunur və qadın bütün hamiləlik dövründə həkim nəzarətində saxlanılmalıdır. Əgər orqanizm sağlam deyilsə, erkən doğuş, düşük və digər ağırlaşmalar baş verə bilər".
Təranə Həsənova qeyd edib ki, yaşı çox olan hamilələrdə yüksək təzyiq və digər ağırlaşmalar tez-tez müşahidə olunur:
"Bu cür hallarla tez-tez rastlaşırıq. Belə vəziyyətlərdə həm ananın, həm də körpənin həyatı risk altında olur. Ona görə də bu prosedur yalnız sağlam qadınlara tövsiyə edilir. Bəzən həkim bütün səylərini göstərsə də, süni mayalanma uğursuz olur və hamiləlik erkən mərhələdə pozulur. Süni mayalanmanın da müəyyən həddi var. Adətən beş cəhdədək tətbiq olunur. Bundan sonrakı çoxsaylı təkrar cəhdlər qadın orqanizmi üçün ciddi təhlükə yarada bilər".
Xatırladaq ki, Azərbaycanda 63 yaşlı qadının 38 ildən sonra ana olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bahar Rüstəmli
Şərhlər