XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kardioloqlar xolesterin səviyyəsinə nəzarətlə bağlı tövsiyələri köklü şəkildə yenilədi
Sağlamlıq16:00 17.08.2026

Kardioloqlar xolesterin səviyyəsinə nəzarətlə bağlı tövsiyələri köklü şəkildə yenilədi

Amerikalı kardioloqlar xolesterin səviyyəsinə nəzarət və ürək-damar xəstəliklərinin profilaktikası ilə bağlı yeni tövsiyələr açıqlayıblar. Mütəxəssislər pozuntuların daha erkən aşkarlanmasını və infarktla insult riskini azaltmaq üçün müalicəyə daha tez başlanmasını tövsiyə edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sciencealert" yazıb.

Yeni tövsiyələr 2018-ci ildə dərc edilmiş əvvəlki qaydaları əvəz edib. Sənəddə xolesterinə nəzarətə əvvəlki kimi böyük əhəmiyyət verilsə də, əsas diqqət lipid mübadiləsi pozuntularının daha erkən profilaktikası və müalicəsinə yönəldilir.

Con Hopkins Universitetinin kardioloqu Rocer Blumental bildirib ki, ürək-damar xəstəliklərinin əksəriyyətinin qarşısını almaq mümkündür və "pis" xolesterinin yüksək səviyyəsi əsas risk amillərindən biridir.

Onun sözlərinə görə, ilk addım həyat tərzinin dəyişdirilməsi olmalıdır. Lakin müəyyən müddətdən sonra xolesterin göstəriciləri yaxşılaşmırsa, həkimlər dərman müalicəsinə əvvəlkindən daha tez başlaya bilərlər.

Mütəxəssislər vurğulayırlar ki, insanın "pis" xolesterin səviyyəsi nə qədər uzun müddət aşağı olarsa, gələcəkdə infarkt və insultdan qorunması da bir o qədər yüksək olur.

Xolesterin səviyyəsinin uşaqlıqdan yoxlanılması tövsiyə edilir

Yeni tövsiyələrdə diqqətçəkən dəyişikliklərdən biri ilk müayinənin keçirildiyi yaşla bağlıdır. Yeni qaydalara əsasən, daha əvvəl analiz aparılmayıbsa, uşaqlarda xolesterin səviyyəsi ilk dəfə 9-11 yaş arasında yoxlanılmalıdır.

Ailədə ciddi ürək-damar xəstəlikləri və ya xolesterinlə bağlı pozuntular varsa, müayinə daha erkən, 2 yaşından etibarən tələb oluna bilər.

30-79 yaş arası böyüklərə isə mütəxəssislər yeni PREVENT risk kalkulyatorundan istifadə etməyi tövsiyə edirlər. Bu vasitə ürək-damar xəstəliklərinin 10 və 30 il ərzində inkişaf ehtimalını qiymətləndirməyə imkan verir.

Hesablama zamanı xolesterin səviyyəsi, arterial təzyiq, yaş və digər fərdi göstəricilər nəzərə alınır. Əlavə risk amilləri həkimlərə pasiyentin lipid səviyyəsini azaltmaq üçün müalicəyə nə dərəcədə ehtiyac duyduğunu müəyyənləşdirməyə kömək edir.

Hədəf xolesterin göstəriciləri necə müəyyən edilir

Yeni tövsiyələrdə müalicə seçimi zamanı istifadə olunan "pis" xolesterinin yenilənmiş hədəf göstəriciləri də yer alıb:

* sərhəd və ya orta risk qrupunda olan pasiyentlər üçün – 100 mq/dl-dən aşağı;

* yüksək risk qrupunda olan insanlar üçün – 70 mq/dl-dən aşağı;

* aterosklerotik ürək-damar xəstəliyi olan və çox yüksək risk qrupuna daxil edilən pasiyentlər üçün – 55 mq/dl-dən aşağı.

Aterosklerotik ürək-damar xəstəliyinin 10 il ərzində inkişaf riski 3-5 faiz olduqda həkimlər "pis" xolesterinin azaldılmasına yönəlmiş müalicəni nəzərdən keçirə bilərlər. Risk 5-10 faiz olduqda isə belə müalicənin tətbiqi daha ciddi şəkildə nəzərdən keçirilməlidir.

Cənubi Karolina Tibb Universitetinin kardioloqu Pamela B. Morris bildirib ki, infarkt və ya insult riski yüksək olan insanlar üçün "pis" xolesterinin daha aşağı səviyyədə olması, bir qayda olaraq, daha yaxşı qorunma təmin edir.

Hansı preparatlar təyin oluna bilər?

"Pis" xolesterinin azaldılması üçün əsas dərmanlar olaraq statinlər qalır. Zərurət yarandıqda həkimlər digər preparatlardan, o cümlədən ezetimib, bempedoik turşu, PCSK9 inhibitorları və inklisiran istifadə edə bilərlər.

Bununla yanaşı, mütəxəssislər həyat tərzinin əhəmiyyətini də vurğulayırlar. Sağlam qidalanma, fiziki aktivlik və müntəzəm tibbi müayinələr ürək-damar xəstəliklərinin profilaktikasının əsasını təşkil edir.

Aydın