Yaponiyanın cənub-şərq sahilləri yaxınlığında su altında qalmış vulkan kraterində alimlər orta okean silsilələrinin hidrotermal mənbələrini (həmçinin "qara tüstü bacaları” kimi tanınır) və böyük miqdarda qızıl ehtiva edən hidrotermal təpələri aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "ScienceAlert” yazır.
Bildirilir ki, bu "qara tüstü bacaları” yalnız kiçik qızıl dənəcikləri püskürtmür, həm də nə çılpaq gözlə, nə də adi mikroskopla görünməyən "görünməz qızıl” yaradır. Qızıl dəniz dibindəki materialların tərkibində yerləşir. Bu sualtı kraterdə metalın konsentrasiyası indiyədək dünyada aşkar edilmiş digər bu tip yataqlarla müqayisədə ən yüksək göstəricidir.
Yaponiyanın Şizuoka Universiteti, Vaseda Universiteti və Tokio Universitetinin alimləri apardıqları araşdırmada Tokiodan təxminən 350 kilometr cənubda yerləşən hidrotermal sahələrdən götürülmüş süxur nümunələrini təhlil ediblər. Qızılın çox kiçik miqdarlarına yüksək həssaslıq göstərən ikinci dərəcəli ion kütlə spektrometriyasından istifadə edən tədqiqatçılar yüksək saflığa malik gizli qızıl yataqlarını müəyyən ediblər.
Alimlərin sözlərinə görə, bu nanohissəciklər dəniz dibindən çıxan isti və metalla zəngin mayelərin təsiri nəticəsində əmələ gələ bilən sulfid mineralı olan piritin daxilində gizlənir. Pirit dəmir və kükürddən ibarət parlaq mineraldır və görünüşünə görə tez-tez "axmaqların qızılı” adlandırılır.
Lakin əsl qızıl bütün bu müddət ərzində məhz "axmaqların qızılı”nın daxilində gizlənib. Alimlər müəyyən ediblər ki, qızıl piritin daxilində nanohissəciklər formasında və ya mineralın kimyəvi strukturuna daxil edilmiş ayrı-ayrı atomlar şəklində mövcud ola bilər.
Tədqiqat müəllifləri nəticəyə gəliblər ki, bu xüsusi sualtı kraterdəki pirit hazırda dünyada ən yüksək qızıl konsentrasiyasına malikdir. Bu ərazi həmçinin Yaponiyada digər qızıl ehtiva edən hidrotermal mənbələrlə müqayisədə nisbətən dayaz dərinlikdə yerləşir.
Nəşrin qeyd etdiyi kimi, dünyanın müxtəlif ölkələrindən olan alimlər dəniz çöküntülərindən "görünməz qızıl”ın iqtisadi və səmərəli şəkildə çıxarılması üsulunu hələ də axtarırlar. Daha əvvəl Papua-Yeni Qvineya sahillərində sualtı mədən yaratmaq cəhdi uğursuzluqla nəticələnmişdi. Layihəni həyata keçirən şirkət maliyyə problemləri və ekoloji etirazlarla üzləşmişdi.
Papua-Yeni Qvineyanın Baş naziri Ceyms Marape bildirib ki, ölkəsi dərin dəniz faydalı qazıntı hasilatı ilə bağlı yeni layihələrə tətbiq edilən moratoriumu qoruyur. Bir sıra digər Sakit okean ölkələri də 2030-cu ilə qədər moratoriumu dəstəkləyiblər.
Bununla belə, Yaponiya siyasi və ekoloji narahatlıqlara baxmayaraq, dərin dəniz mədənçiliyi sahəsində araşdırmaları davam etdirir. Bu tədqiqatdan əvvəl də Hiqasi-Aoqaşima hidrotermal sahələrinin dəniz dibindəki sulfidlər arasında dünyanın ən yüksək qızıl konsentrasiyalarından birinə malik olduğu hesab edilirdi.
Yeni analizlərin nəticələrinə əsasən, bu sahələrdəki qızıl ehtiyatlarının ilkin ehtimallardan daha çox olduğu görünür.
Yer kürəsindəki qızılın demək olar ki, hamısı insan üçün əlçatmaz yerdə — planetin nüvəsində, səthdən təxminən 3000 kilometr dərinlikdə yerləşir. Lakin alimlər qızılın bir hissəsinin nüvədən mantiyaya doğru tədricən sızdığına dair yeni sübutlar əldə ediblər.
Araşdırmanın nəticələri göstərir ki, nüvədən gələn material Havay vulkanlarını qidalandıran mantiya plumu ilə qarışır. Tədqiqatçılar Havay lavalarında birbaşa qızıl aşkar etməsələr də, nüvə ilə mantiya arasındakı sərhədin əvvəllər düşünüldüyü qədər təcrid olunmadığını göstərən ilk kimyəvi sübutları əldə ediblər.
Aydın
Şərhlər