Dünya 14:08 09.07.2022

ABŞ dövlət katibi ilə Çinin XİN şefinin görüşünün nəticəsi necə olacaq? (ŞƏRH)

İndoneziyada keçirilən G20-nin tədbirində ABŞ dövlət katibi Entoni Blinkenlə Çinin xarici işlər naziri Vanq Yi ölkələr arasında gərginliyi azaltmaq üçün bir araya gəliblər. Bildirildiyinə görə, görüşdə məqsəd qarşıdakı həftələrdə iki ölkə liderləri arasında mümkün danışıqlara zəminin yaradılmasıdır.

Qeyd edək ki, Vaşinqtonla Pekin arasında çoxsaylı məsələlərdə ciddi fikir ayrılığı var. Bu səbəbdən Qərb Rusiya məsələsində hələ ki, Pekini öz tərəfinə çəkə bilmir. Çin bu məsələdə özünü əsasən neytral ölkə kimi aparır.

Blinkenlə Yinin görüşünü Qaynarinfo-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, həmin görüşün nəticəsi dünyada gedən proseslərə təsir göstərəcək: 



"Onu qeyd edək ki, İndonezkiyada baş tutan görüş tərəfləri bir-birinə yaxınlaşdırmaq üçün heç də ilk cəhd deyil. Ona qədər də geniş tərkibdə buna bənzər görüş təşkil olunub. Amma nəticə mənfi olub. Hər hansı bir razılığa gəlməyiblər. Belədə Çinlə ABŞ arasında münasibətlər konfrantasiyaya doğru gedir. Tayvan məsələsi və bir sıra iqtisadi mövzularda ciddi fikir ayrılıqları var. 

Amma iki ölkənin XİN rəhbərlərinin İndoneziya görüşü göstərir ki, hansısa razılaşmaların əldə olunacağı mümkündür. Bu mənada görüşün vacib xarakter daşıdığını, nəticəsinin dünyada gedən proseslərə təsir edəcəyini düşünürəm. Dünyada siyasi, iqtisadi və hərbi baxımdan bir neçə əhəmiyyətli mərkəz var. Bunlar ABŞ, Çin, Avropa İttifaqı və Rusiyadır”.

Zülfüqarov qeyd edir ki, bu görüş Pekinin Rusiyaya münasibətində Qərbə doğru istiqamətlənməsinə əsaslar yaradıb: 

"Bunun üçün əsaslar var. Hamı gözləyirdi ki, Rusiya-Qərb qarşıdurmasında Çin Moskvaya dəstək olacaq. Amma bu baş vermədi. Pekin yetərincə neytral mövqedədir”. 

Rüfət Sultan