Bazar ertəsi ABŞ hərbi xidmət zabitləri Rusiya və Belarusun birgə hərbi təlimlərini izləyiblər. Belarus müdafiə naziri Viktor Xrenin onlara "istədikləri hər şeyi görə biləcəklərini” deyib.
Qaynarinfo "Reuters”ə istinadla xəbər
verir ki, amerikalıların Belarusdakı poliqonda iştirakı Müdafiə Nazirliyi tərəfindən gözlənilməzlik kimi təqdim olunub. Nazirlik elə bir video yayıb ki, orada hərbi formada iki amerikalı zabit Xreninə dəvət üçün təşəkkür edir və onunla əl sıxır.
Qeyd olunur ki, ABŞ zabitlərinin iştirakı Minsk ilə Vaşinqton arasında münasibətlərin istiləşməsinin son əlamətlərindən biridir. Moskvanın yaxın müttəfiqi olan Belarus 2022-ci ilin fevralında on minlərlə rus hərbçisinin Ukraynaya işğal üçün öz ərazisindən keçməsinə imkan vermişdi. Nəşr xatırladır ki, ötən həftə ABŞ prezidenti Donald Trampın nümayəndəsi Con Koul Minskdə olub və Aleksandr Lukaşenko ilə danışıqlar aparıb. Lukaşenko 52 nəfərin, o cümlədən jurnalistlər və siyasi rəqiblərin həbsdən azad edilməsinə razılaşıb. Əvəzində ABŞ Belarusun milli aviaşirkəti "Belavia”ya tətbiq edilən sanksiyaları yumşaldıb, ona "Boeing” təyyarələrini istismar etmək və parkı üçün komponentlər almağa icazə verib.
Koul bildirib ki, Tramp yaxın vaxtlarda ABŞ səfirliyini Belarusda yenidən açmaq, əlaqələri normallaşdırmaq və iqtisadi-ticarət münasibətlərini bərpa etmək istəyir.
"Ukraynada müharibəni dayandırmağa çalışan Tramp, Putinlə müntəzəm danışıqlar aparan Lukaşenko ilə daha sıx münasibətlər qurur. Ötən həftə Tramp Lukaşenkoya Koul vasitəsilə öz əli ilə imzaladığı dostluq məktubu göndərib”, – deyə "Reuters” vurğulayıb.
Xatırladaq ki, yaxınlığında Qojski poliqonu yerləşən Qrodno şəhərindəki ərazidə Rusiyaya məxsus BTR-22 zirehli transportyoru görünüb. O, Rusiya-Belarus təlimlərində iştirak edir.
Rusiyaya məxsus BTR-22-nin Kirov küçəsində göründüyü yeri Telegram-kanal "Military Journal” lokallaşdırıb.
"Defense Express” ehtimal edir ki, ruslar bu BTR-in fotosunu qəsdən şəbəkəyə sızdırıblar. Bu, Polşaya qarşı qeyri-rəsmi güc nümayişi kampaniyasının bir hissəsi ola bilər. Buraya Polşa ərazisinə "Gerber” dronunun uçması, eləcə də RF-nin Kalininqrad vilayətində iki "İskəndər” OTRK buraxılış qurğusunun yerləşdirilməsi daxildir.
Alpər
Şərhlər