Xəbər lenti

Dünya 19:10 02.05.2022

ABŞ-ın Ukraynaya ordu göndərməklə bağlı qərarı prosesə necə təsir göstərəcək?

Ukrayna ətrafında gərginlik getdikcə daha da artır. Demək olar ki, ABŞ başda olmaqla Qərb də prosesə birbaşa olaraq aktiv şəkildə cəlb olunur. ABŞ Konqresi ölkə ordusunun Ukraynaya göndərilməsilə bağlı qətnamə layihəsini müzakirə edəcək. Mövcud vəziyyət belə düşünməyə əsas verir ki, ABŞ-ın qanunverici orqanı bu məsələyə yaşıl işıq yandıracaq.

Son günlər Ukraynada ilişib qalan Rusiya bunun günahını kənarda axtarmağa çalışaraq daha tez-tez Qərbi ittiham etməyə başlayıb. Belə ki, ABŞ-ın Lend-liz qanununu qəbul etməsi fonunda Ukraynaya silah baxımından veriləcək dəstəyin dəfələrlə artması gözlənilir. Bu isə Ukraynada onsuz da çətinliklə irəliləyən rus ordusu üçün daha pis başağrısı deməkdir. Həmin addımın atılmasının nəticəsidir ki, son günlər Rusiya rəsmilərinin Qərbə yönəlik təhdidləri də artıb. Bir neçə gün əvvəl Putin başda olmaqla yüksək çinli Rusiya rəsmiləri Ukraynaya silah-sursat daşıyan Qərb karvanlarını da vuracaqları ilə hədələməyə başlayıb. Digər tərəfdən, Kremldə hətta nüvə silahından istifadə ediləcəyi ehtimalı barədə də danışırlar. 

Belə vəziyyət isə istər-istəməz Ağ Evlə Kiyevin maraqlarına xidmət edir. Çünki yaranmış vəziyyət ABŞ Konqresinin Ukraynaya ordu göndərilməsilə bağlı qətnamə qəbul etməsini sürətləndirəcək. Aydın məsələdir ki, qəbul olunacağı təqdirdə, bu ordunun ilk mərhələdə məqsədi Ukrayna ərazisində hərəkət edəcək silah daşıyan Qərb karvanlarını qorumaq olacaq. Sonrakı mərhələdə isə situasiyadan asılı olaraq amerikan kontingentinin başqa proseslərdə iştirak edəcəyi də istisna deyil. Bu isə sözsüz ki, daha çox Ukraynanın maraqlarına cavab verir. 

Görünən odur ki, Rusiyanın Qərbi təhdid etməsi əks effekt verir. Moskvanın təhdidi onun istəyinin əksinə olaraq Qərbin prosesdə daha aktivləşməsinə rəvac verir. Belə vəziyyətdə, Rusiyanın silah daşıyan Qərb karvanını Ukraynada vurması istər-istəməz onun birbaşa NATO ilə toqquşması anlamına gələcək. Həmin şəraitdə isə Rusiya daha ciddi qüvvələrlə üz-üzə qalmalı olacaq. 

Nəticədə Rusiya Ukraynada indi olduğundan da çətin duruma düşəcək. Bu mənada görünən odur ki, Rusiyanın təhdidi real deyil. Sadəcə, qarşı tərəfə hədə-qorxu gəlmək üçün ortaya atılan informasiyadır.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->