XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyə və Azərbaycan enerji sahəsində üç böyük layihəyə hazırlaşır - Nələr olacaq?
Ekonomiks16:00 12.09.2026

Türkiyə və Azərbaycan enerji sahəsində üç böyük layihəyə hazırlaşır - Nələr olacaq?

Türkiyə və Azərbaycan enerji sahəsində əməkdaşlığı gücləndirir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iki ölkənin elektrik enerjisi sahəsində mühüm layihələr həyata keçirəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, Bayraktar Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığını Anadolu Agentliyinə dəyərləndirib.

Dünyanın böhranlar dövrünə çevrildiyini və böhranların artıq "yeni normal" olduğunu bildirən Bayraktar belə bir şəraitdə Türkiyə və Azərbaycanın enerji sahəsində proqnozlaşdırıla bilən, şaxələndirilmiş və daha intensiv əməkdaşlıq qurduğunu deyib.

Bayraktar Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri, TANAP və TAP kimi layihələri xatırladaraq bildirib: "TANAP vasitəsilə bu il etibarilə 100 milyard kubmetr təbii qaz axını həyata keçirilib. Bu kəmər Avropanın enerji təchizatının təhlükəsizliyinə çox böyük töhfə verir".

Türkiyə və Azərbaycanın bir-birini tamamlayan xüsusiyyətlərə malik olduğunu qeyd edən Bayraktar Azərbaycanın mühüm neft və təbii qaz istehsalçısı olduğunu, hazırda isə elektrik enerjisi istehsalçısına çevrilmək istiqamətində irəlilədiyini söyləyib.

Nazir Türkiyənin isə böyüyən və enerji tələbatı artan bazar olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə həmçinin mühüm istehlakçı olan Avropa ilə çoxsaylı bağlantılara malikdir və bu səbəbdən ölkədəki enerjini Avropaya ixrac etmək imkanına sahibdir.

Bayraktar bu xüsusiyyətlərin Türkiyə və Azərbaycanı bir-birini tamamlayan iki ölkəyə çevirdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə prezidentinin ortaya qoyduğu ortaq baxış da buna uyğun layihələrin hazırlanmasına imkan yaradır.

Mövcud enerji layihələrinin imkanlarından tam istifadə hədəflənir

Bayraktar ilk növbədə Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi mövcud layihələrin imkanlarından tam istifadə edilməsinin vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi-Ceyhan kəməri ilə gündə 600 min barel neft nəql olunur, halbuki kəmərin ötürmə gücü 1 milyon bareldir.

Bayraktar Mərkəzi Asiya və türk dünyasındakı digər mənbələrdən xam neftin də bu kəmərlə daşınmasının mümkün olmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, təbii qaz sahəsində də oxşar işlər aparıla bilər.

Elektrik enerjisində üç əsas layihə

Bayraktar qarşıda elektrik enerjisi sahəsində çox böyük layihələrin olduğunu bildirərək üç əsas layihəni açıqlayıb.

"Bunlar Naxçıvan üzərindən Türkiyəyə elektrik ötürücü xəttinin çəkilməsi, Türkiyə-Gürcüstan-Azərbaycan-Bolqarıstan dördtərəfli yaşıl enerji dəhlizi və Qara dənizin altından keçərək yenə Avropaya gedəcək elektrik ötürücü xəttidir", deyə nazir bildirib.

Türk dövlətləri ilə enerji və mədənçilik üzrə birgə layihələr

Bayraktar Türkiyə və Azərbaycan nümunəsində olduğu kimi, digər türk dövlətlərinin də bir-birini tamamlayan vahid struktur yaratdığını qeyd edib.

Onun sözlərinə görə, Türkmənistan mühüm təbii qaz ehtiyatlarına, Qazaxıstan isə əhəmiyyətli neft hasilatı potensialına malikdir.

Bu ölkələrin həmçinin böyük mədən ehtiyatları və mədən istehsalı imkanları olduğunu bildirən Bayraktar Qazaxıstanın dünyanın əsas uran tədarükçülərindən biri olduğunu vurğulayıb.

"Dolayısıyla həm enerji, həm də mədənçilik sahəsində böyük istehsalçı ölkələrə, Türkiyə kimi sənayesi güclü, mədən xammalına ehtiyacı olan, elektrik və enerji tələbatı artan, eyni zamanda Türkiyə üzərindən müxtəlif bazarlara çıxmaq imkanına malik bir ölkəyə sahibik. Bu sinerjini birgə işlərlə həyata keçirərək daha böyük layihələri birlikdə reallaşdıracağıq", deyə Bayraktar bildirib.

Aydın