XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şimal dənizində heç kimin yaşamayacağı nəhəng ada yaradılır
Dünya14:23 12.09.2026

Şimal dənizində heç kimin yaşamayacağı nəhəng ada yaradılır

Belçika sahillərindən 45 kilometr aralıda, Şimal dənizinin ortasında səkkiz futbol meydanı böyüklüyündə süni enerji adası inşa edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Times of India” yazıb.

“Şahzadə Elizabet enerji adası” adlanan layihə Belçikanın elektrik şəbəkəsi operatoru “Elia” tərəfindən həyata keçirilir. Tikinti işlərini Belçikanın “DEME” və “Jan De Nul” mühəndislik şirkətlərinin yaratdığı “TM Edison” konsorsiumu aparır.

Ada hər birinin çəkisi təxminən 22 min ton olan 23 nəhəng beton kessondan inşa edilir. Maraqlıdır ki, adada insanlar yaşamayacaq. O, Belçikanın gələcək dəniz külək elektrik stansiyalarında istehsal olunacaq bütün elektrik enerjisini toplamaq və sualtı kabellərlə materikə ötürmək üçün yaradılır.

Hər bir kessonun uzunluğu təxminən 58 metr, eni 28 metr, hündürlüyü isə fırtına divarlarının konfiqurasiyasından asılı olaraq 23–32 metrdir. Kessonlar Niderlandın Vlissinqen limanında beş mərhələli istehsal xəttində hazırlanıb. Bir blokun tam istehsal dövrü təxminən 85 gün çəkir.

2026-cı ilin yanvarında sonuncu kesson tamamlanaraq suya buraxılıb. Hazırda bloklar dənizdə son quraşdırmadan əvvəl əlavə işlərin görülməsi üçün Skaldia terminalına daşınır.

Nəşrin məlumatına görə, bloklar sadəcə suya buraxılaraq batırılmayacaq. Onlar qismən suya batırılmış vəziyyətdə quraşdırılacaq əraziyə yedəklənəcək. Bu ərazidə dibdərinləşdirici gəmilər və digər xüsusi texnika əvvəlcədən qayalı əsas üzərində bünövrə hazırlayıb.

Bloklar yerinə yerləşdirildikdən sonra onların üzərinə qum doldurulacaq. Bu, kessonların bünövrəyə enərək sabitləşməsinə imkan verəcək. İlk batırma kampaniyası 2025-ci ilin aprelində iki kessonla başlayıb və oktyabrda başa çatıb. İşlərin 2026-cı ilin yazında hava şəraiti imkan verdiyi təqdirdə davam etdirilməsi planlaşdırılıb.

Quraşdırma prosesi qış fırtınaları mövsümündə fasilələrlə olmaqla ümumilikdə iki il davam edəcək. Bir blokun limandan yola salınmasından son nöqtəsində yerləşdirilərək bərkidilməsinə qədər tam quraşdırılması təxminən 24 saat çəkir.

Nəşr vurğulayır ki, ada Avropanın enerji sistemi üçün mühüm əhəmiyyət daşıyır. Bu qurğu özlüyündə məqsəd deyil, elektrik enerjisinin paylanması üçün qovşaq rolunu oynayacaq. Onun infrastrukturu yüksək gərginlikli dəyişən cərəyanı yüksək gərginlikli sabit cərəyanla birləşdirəcək.

Ada “Şahzadə Elizabet zonası” adlanan ərazidə yerləşəcək yeni külək elektrik stansiyalarının sualtı kabellərini birləşdirəcək. Sahəsi 285 kvadrat kilometr olan bu zonada 3,5 QVt-a qədər dəniz külək enerjisinin istehsalı nəzərdə tutulur. Daha sonra elektrik enerjisi yüksək ötürücülük qabiliyyətinə malik kabellərlə qurudan ötürüləcək.

Aydın