Amerika xüsusi xidmət orqanlarının hesabatları Rusiya rəhbəri Vladimir Putinin bütün Ukraynanı işğal etmək və keçmiş sovet imperiyasına məxsus olmuş Avropa ərazilərinin bir hissəsini geri qaytarmaq niyyətində olduğu barədə xəbərdarlıqları davam etdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”ə altı mənbə
bildirib.
Hesabatlar ABŞ prezidenti Donald Tramp və Ukraynada sülh danışıqları üzrə onun nümayəndələrinin irəli sürdüyü mənzərədən kəskin şəkildə fərqlənir. Tramp və komandası Putinin münaqişəni bitirmək istədiyini deyirlər. Mənbələrdən birinin sözlərinə görə, bu cür kəşfiyyat hesabatlarının ən sonuncusu sentyabrın sonuna aiddir.
Kəşfiyyat məlumatları eyni zamanda Rusiya liderinin Avropa üçün təhlükə olmadığı barədə iddiaları ilə də ziddiyyət təşkil edir.
ABŞ-ın qənaətləri Putinin 2022-ci ildə genişmiqyaslı işğala başlamasından bəri dəyişməz qalır. Mənbələrin bildirdiyinə görə, bu qiymətləndirmələr Avropa liderləri və kəşfiyyat qurumlarının mövqeyi ilə böyük ölçüdə üst-üstə düşür: Putin bütün Ukraynaya və keçmiş sovet respublikalarının ərazilərinə, o cümlədən NATO üzvü olan ölkələrə nəzarət etməyə can atır.
"Kəşfiyyat həmişə bildirirdi ki, Putin daha artığını istəyir”, deyə Demokrat Partiyasından Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Mayk Kuigli "Reuters”ə müsahibəsində bildirib.
"Avropalılar buna əmindirlər. Polyaklar tam əmindirlər. Baltik ölkələri isə hesab edir ki, növbə ilk olaraq onlara çata bilər”, deyə o əlavə edib.
Ağ Evin nümayəndəsi kəşfiyyat məlumatlarını şərh etmədən bildirib ki, "prezidentin komandası müharibənin dayandırılması məsələsində əhəmiyyətli irəliləyiş əldə edib”, Tramp isə sülh razılaşmasının "indiyə qədər heç vaxt olmadığı qədər yaxın” olduğunu deyib.
ABŞ dövlət katibi Marko Rubio cümə günü Ukrayna üzrə danışıqlarda "əhəmiyyətli irəliləyişə nail olunduğunu” söyləsə də, "qarşıda hələ uzun yolun olduğunu” vurğulayıb.
Bildirilir ki, Kremlin nümayəndəsi Kiril Dmitriyev 20–21 dekabr tarixlərində ABŞ-ın "sülh planı” ilə bağlı danışıqlar aparmaq üçün Mayamiyə səfər edəcək. O, ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşəcək.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov isə bildirib ki, 19 dekabr tarixində o, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatovla birlikdə ABŞ tərəfi ilə növbəti məsləhətləşmələr raunduna başlayır.
Alpər
Şərhlər