SBU-nun Aralıq dənizində Rusiyanın "kölgə donanması”na aid tankerə pilotsuz uçuş aparatı ilə zərbə endirməsi təcavüzkara qarşı mübarizənin parlaq nümunəsidir.
Qaynarinfo xəbər verir ki, "The Telegraph” qəzetinin redaksiya məqaləsində
yazdığına görə, müharibənin bütün mərhələlərində – Vladimir Putinin qüvvələrinin Kiyev ətrafından geri oturdulmasından tutmuş "Moskva” flaqman gəmisinin batırılmasına qədər – Ukrayna müdafiəçiləri skeptiklərin şübhələrini alt-üst edib və daha böyük, daha varlı bir ölkəyə qarşı məhdud resurslarla son dərəcə effektiv müqavimət göstəriblər.
Nəşr qeyd edir ki, əgər Qərb ölkələri Rusiyanın genişmiqyaslı işğalının lap əvvəlində Ukraynaya tam dəstək versəydi, bu gün vəziyyət xeyli daha yaxşı ola bilərdi.
"Buna baxmayaraq, Putinin sülh danışıqlarında üstün mövqe qazanmaq cəhdlərinin qarşısını almaq istəyən Ukraynaya mümkün olan maksimum dəstəyin göstərilməsi üçün kifayət qədər ciddi əsaslar mövcuddur”, – deyə qəzet yazır.
Jurnalistlərin fikrincə, bu baxımdan Avropanın Ukraynaya 90 milyard avro kredit ayırması ən yaxşı halda qismən qələbə sayıla bilər.
"Avropa liderlərinin bu gün Ukraynanı dəstəkləmək zərurəti barədə ritorikası – sabah müharibənin öz ərazilərində baş verməməsi üçün – bir daha real maliyyə öhdəliklərinin miqyası ilə təsdiqlənmədi”, deyə məqalədə vurğulanır.
Onlar bildirirlər ki, Ukraynanın xeyrinə 210 milyard avro həcmində dondurulmuş Rusiya aktivlərinin səfərbər edilə bilməməsi bu silsilədə növbəti nümunədir.
"Bu vəsaitlə daha çox hərbi texnika almaq və Ukrayna dövlətinin maliyyə dayanıqlığını ciddi şəkildə gücləndirmək mümkün olardı… Bu, Avropa üçün özünü göstərmək və Moskvaya qarşı daha sərt mövqe tutmaq baxımından qaçırılmış fürsət idi”, deyə nəşr qeyd edir.
Qeyd edək ki, Avropa İttifaqının Ukraynaya 90 milyard avro kredit ayırmaq qərarı Aİ daxilində parçalanmanı və Kiyevə əlavə dəstəyə qarşı müqavimətin artdığını nümayiş etdirdi.
Bundan əvvəl "Financial Times” yazmışdı ki, maliyyələşmə ilə bağlı razılaşmanın əldə olunmaması Aİ-dən qətiyyət gözlənildiyi bir vaxtda onun zəifliyinin ciddi göstəricisi olardı.
Alpər
Şərhlər