Xəbər lenti

Dünya 15:29 09.02.2024

ABŞ Ukraynaya yardım etməsəydi, Rusiya dronları Avropaya doğru uçardı - Pentaqon

2022-ci ildə Rusiya Ukraynanı müstəqillikdən məhrum edə və onun ərazisindən Avropaya pilotsuz uçuş aparatları göndərə bilərdi. ABŞ-ın Kiyevə yardımı bunun qarşısını aldı.

Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Selest Uollander bildirib.

"Rusiyalıların Krımdan Ukrayna şəhərlərinə göndərdiklərini gördüyünüz PUA-larla onlar Avropa paytaxtlarına hücum edə bilərdilər. Rusiyalıların Ukraynanın kritik enerji infrastrukturuna qarşı istifadə etdikləri qanadlı raketlər ABŞ-ın NATO müttəfiqlərini təhdid edə bilərdi", - deyə o bildirib.
Onun sözlərinə görə, Avropadakı amerikalılar - hərbçilər, iş adamları və adi vətəndaşlardan tutmuş Avropada təhsil alan amerikalı tələbələrə qədər risk altında olacaqdırlar.

O əmindir ki, bütün bunların qarşısını Amerikanın Ukraynaya dəstəyi və hər şeydən əvvəl ukraynalıların cəsarəti və məharəti aldı. 

Uollander bildirib ki, ABŞ Konqresinin Ukraynaya yardımla bağlı səsverməsinin gecikdirilməsi fonunda Avropa üçün təhlükə hələ də aktualdır.

"Ukraynalılar döyüşməyi öyrəniblər, rusiyalıların qarşısını alırlar, onların Qara dənizdəki əməliyyatlarını pozurlar, taxıl ixracını bərpa edərək Qlobal Cənuba ehtiyac duyduqlarını təmin edirlər. Lakin onları cəbhədə lazım olan sursat, hava hücumundan müdafiə sistemləri və ehtiyat hissələri ilə təmin edə bilmədiyimiz üçün 2022-ci il senarisinə və Avropanın atəşə tutulması təhlükəsinə qayıda bilərik”, - Uollander xəbərdarlıq edir.

Onun sözlərinə görə, ABŞ ÜDM-nin Ukraynaya göstərilən yardıma nisbətinə görə dünyada 16-cı yerdədir.

ABŞ müdafiə nazirinin müavini Ukraynanın qələbəsinin onun anlayışında necə göründüyünü də ifadə edib:

"Bu, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tanınan suveren dövlət olaraq qalmaqda davam edən Ukraynadır, öz milli təhlükəsizlik siyasətini, xarici siyasətini müstəqil şəkildə müəyyən edən müstəqil ölkədir. Onun iqtisadi siyasətini Ukrayna xalqı və onun demokratik yolla seçilmiş rəhbərliyi müəyyən edir. Və bunlar bizim qarşımıza qoyduğumuz məqsədlərdir”.

Uollander həmçinin qeyd edib ki, Ukrayna və Rusiya arasında danışıqların mümkünlüyü ilə bağlı çoxlu spekulyasiyalar var, lakin buna ukraynalıların özlərinin qərar verəcək. Onun sözlərinə görə, ABŞ Ukraynanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini və seçim hüququnu dəstəkləyir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->