Siyasət 16:44 10.02.2023

ABŞ və Fransanın cığallığı: İrəvanın maraqlarına xidmət edirlər

"Vaşinqton və Paris Bakının nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı istəyinə əngəl olmağa çalışırlar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Fransa xarici işlər naziri Katerine Kolonnanın ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Azərbaycan-Ermənistan münasibətlərini, Laçın yolundakə vəziyyəti müzakirə etmələrinə münasibət bildirərkən deyib. 
 
Ekspert bildirib ki, ABŞ və Fransanın ATƏT-in Minsk qrupu həmsədrləri kimi Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı mövqeləri üst-üstə düşür:

"Bu baxımdan, Laçın yolundakı olaylara münasibətdə hər iki Qərb dövlətinin təxminən eyni mövqedən çıxış etməsi onların bölgədəki geosiyasi maraqları baxımından anlaşılandır. Digər tərəfdən, hər iki dövlətdə siyasi dairələrin qəbul etdiyi qərarlara bu və ya digər dərəcədə erməni lobbisi təsir edir. Fransanın Ermənistanla "bacı dövlət” olması da bəllidir. Bu mənada, Fransanın daim İrəvanı dəstəkləməsinə və onunla əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımlara da həmin kontekstdən baxmalıyıq. 

Hazırda İrəvan Laçın yolunda Azərbaycanlı ekofəalların sərgilədiyi mövqe ətrafında əməlli-başlı hay-küy qaldırıb. Guya ki, yol bağlıdır və onun vasitəsilə Bakı İrəvanın Qarabağdakı erməni icması ilə münasibətlərini əngəlləyir, humanitar xarakterli yüklərin keçirilməsinə mane olur. İrəvan bu yolla məsələni bilərəkdən beynəlxalq hüquq müstəvisinə gətirmək və Azərbaycanı Qərbin sanksiyaları ilə hədələmək istəyir. Bütün dünya bilir ki, ekofəallar heç bir blokada tətbiq etməyib. Humanitar yüklər daşınmaqda davam edir. Azərbaycan ümumiyyətlə yüklərin monitorinqini keçirmək hüququna malik olmalıdır. Ancaq bu məsələdə maraqlar toqquşur”.

Politoloq qeyd edib ki, Ermənistan iqtidarı Qərbdəki havadarları vasitəsilə yenə də Azərbaycana münasibətdə əvvəlki ssenarinin tətbiqinə çalışır, ölkəmizə qarşı hər hansı bir təzyiqin gücləndirilməsinə can atır:
 
"Ən əsası bu oyunların arxasında Bakının Zəngəzur dəhlizilə bağlı istəklərinin qarşısına müəyyən səd çəkmək niyyəti dayanır. Yəni, bu məqamı diqqətdən kənarda saxlayıb, əsas məsələni Laçın yolundakı olaya yönəltmək, burada ermənisayağı şou yaratmaqdır. Ermənilər ABŞ və Fransanın dəstəyini qazanıb, Azərbaycanın nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı mövqeyinə mane olmaq istəyirlər”.

Rüfət Sultan