Aysel Əlizadə
Siyasət 11:41 02.11.2019

ABŞ-dan növbəti "erməni gedişi": Necə davranaq?

Aysel ƏLİZADƏ

ABŞ Konqresinin nümayəndələr palatası sözdə "erməni soyqırımı” bəyannaməsini müzakirəyə çıxardı və Erməni-Amerika Milli Komitəsinin təklif etdiyi formada qəbul etdi. 

Bu bəyannamə hələ qanun demək deyil, qətnamədi. Hüquqi sənəd olması üçün Senatın qəbul etməsinə və Prezidentin imzalamasına ehtiyac var. 

Buna bənzər qətnamə 1984-cü ilin 12 sentyabr tarixində də qəbul edilib, ancaq kağız üzərində qalıb. Çünki Türkiyənin həmin zamanlarda rəhbərliyi operativ addımlar atmış və ABŞ-la olan sorunları yoluna qoymuşdu.

Bu məsələnin yenidən gündəmə gəlməsinin səbəbləri var. 

1. Türkiyənin Rusiya və İranla birgə hərəkət etməsi. Anti-Qərb siyasəti. 

Türkiyənin hələ qanun layihəsi tam qəbul edilmədən ABŞ-la ittiham dilində danışmasına, lakin sözdə soyqırım iddiasını qəbul etmiş Rusiya ilə müttəfiqlik etməsinə anlam vermək zordur. 
İranın son barış hərəkatı zamanı qarşı mövqe alması fonunda bəyanatla kifayətlənən Qərblə təhdid, İranla barış dilində danışılması kənardan ikili standartlar kimi görünür. Bu politikanın korrektə edilməsinə ehtiyac var. 

2. Bir il sonra keçiriləcək ABŞ prezident seçimlərində erməni lobbisinin dəstəyini almaq istəyən respublikaçıların cəhdləri (Ermənilər demokratlarla yaxınlıq edirdi və bu üstünlüyü onlardan almaq cəhdləri var). 

Nə kimi addımlar atmaq olar? ABŞ-da yaşayan bütün Türk Cümhuriyyətlərindən olanları bir araya gətirib böyük lobbi qurmaq, bununla da seçimlər zamanı partiyaların erməniləri yox, türkləri nəzərə almasına zəmin yaratmaq olar. 

3. Demokratik təsisatların Türkiyədə zəifləməsi. 

Türkiyədə və digər Türk cümhuriyyətlərində demokrasi, insan özgürlükləri kimi bəşəri dəyərləri, dünyəviliyi oluşdurmaq həm xalqların öz dövlətinə və millətinə bağlanması, həm də beynəlxalq imic baxımından vazkeçilməzdir. 

4. İsrail əleyhinə Türkiyənin dövlət tutumu. 

Öz maraqlarını ərəb çıxarılarından sonra tutması Türkiyə siyasətinə çox ciddi zərbə vurur. Buna son qoyulması gərəkdir. Qurtuluş savaşı və ondan sonrakı proseslər göstərdi ki, ərəb dövlətləri stabil müttəfiq deyil və çıxarılarını dini qardaşlıqdan üstün tuturlar. 

Bu durumda Azərbaycan tərəfi necə davransın? 

Ermənilərin istəyinin gerçəkləşməsi bütün mənalarda Azərbaycanın  zərərinədir. Bu səbəbdən də həm xalq olaraq, həm də dövlət olaraq erməni planlarına qarşı Türkiyə ilə eyni cəbhədə olmağımız gərəkdir.

ABŞ-da Türkiyə və Azərbaycan türklərinin birgə hərəkatının təşkil olunması, hər iki ölkənin birgə bəyanat hazırlayıb ABŞ konqresmenlərinə göndərməsi, azərbaycanlılara qarşı ermənilərin törətdiyi etnik soyqırım faktlarının dünya ictimaiyyətinə çatdırılması təxirə salınmazdır.  Bəyanatlarda Rusiya və Ermənistandan fərqli olaraq ABŞ-ın heç vaxt Azərbaycana – tarixi türk torpaqlarına iddialı olmadığını, ABŞ-ın həm Türkiyə, həm də Azərbaycan üçün önəmli və güvənilir müttəfiq olduğunu, 1918-ci ildə yaranan ADR-i sonradan devirmiş Rusiyadan fərqli olaraq ABŞ-ın tanıdığını qeyd etmək doğru addım olar. 

İşğalçı erməni dövlətinin dəstəklənməsinin heç kimə başucalığı gətirmədiyini aksioma çevirmək gərəkdi. Bunun güzəştə gedilmədən olunması xeyrimizədi.  

Sonda: Bu gün Rusiya mətbuatında qəribə bir təhlilə rast gəldim: "ABŞ Türkiyədən Suriyaya və S-400-lərə görə qisas alır”. Sözdə erməni soyqırımını çoxdan tanıyan bir dövlətin mətbuatı bunu hansı üzlə yazır?!