ABŞ-ın ən güclü qurumlarından biri olan Pentaqonda son dövrlərdə diqqət çəkən adlardan biri müdafiə naziri Pit Heqsetin həyat yoldaşı Cennifer Heqsetdir. Rəsmi olaraq müdafiə nazirinin həyat yoldaşı olsa da, Vaşinqton kulislərində onun rolunun bundan xeyli geniş olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, o, hərbi tədbirlərdə həyat yoldaşının yanında, mühüm toplantılarda nazirliyin yüksək vəzifəli şəxsləri ilə və kameralar qarşısında tez-tez görünür.
Cennifer Heqsetin əsas müzakirə mövzusuna çevrilməsinin səbəbi isə Pentaqonun dəhlizlərində nə dərəcədə təsirli olması və həyat yoldaşının səlahiyyətlərinə nə qədər müdaxilə etməsidir.

Yeni dövr
Cennifer Heqsetin ictimaiyyət qarşısında görünməsi son aylarda nəzərəçarpacaq dərəcədə artıb. May ayında Sinqapurda yerləşən “USS Boxer” gəmisinin göyərtəsində ABŞ hərbçiləri və həyat yoldaşı Pit Heqsetlə birlikdə fiziki hazırlıq məşqində iştirak edib. Üzərində “This Is War” (“Bu, müharibədir”) yazılı köynək və kamuflyaj şortu olan Cennifer Heqset hərbçilərlə eyni məşqlərə qatılıb. İyun ayında isə Normandiya desantının ildönümü ilə bağlı keçirilən mərasimdə həyat yoldaşını və ailələrini müşayiət edib. Cütlüyün yeddi övladından altısı da mərasimdə iştirak edib. Müdafiə Nazirliyinin hazırladığı və kinematoqrafik musiqinin müşayiət etdiyi tanıtım videosunda Pit və Cennifer Heqsetin Omaha sahilində qol-qola yeridiyi görüntülənib.
Lakin Cennifer Heqsetin rolu yalnız mərasimlər və hərbi tədbirlərdə görünməklə məhdudlaşmır. Bu ay ABŞ Prezidenti Donald Tramp onu hərbçi ailələri ilə bağlı bir qurumun rəhbərliyinə təyin edib. Cennifer Heqset prezidentin arxasında dayanaraq etdiyi çıxışında bunun onlar üçün mühüm gün olduğunu bildirib və Trampa təşəkkür edib.

Həyat yoldaşından əvvəl televiziya prodüseri olub
Cennifer Heqsetin Pit Heqset üzərindəki təsirinin əsasını onların keçmişdəki peşəkar münasibətləri təşkil edir. 49 yaşlı Cennifer Heqset jurnalistika təhsili alıb. Merilend ştatındakı Tauson Universitetində təhsil aldıqdan sonra 2001-ci ildə Nyu-Yorkdakı “WPIX” telekanalında prodüser kimi fəaliyyətə başlayıb.
2006-cı ildə “Fox News”un məşhur səhər proqramlarından biri olan “Fox & Friends”ə keçib. Burada uzun müddət çalışaraq baş prodüser vəzifəsinədək yüksəlib. Keçmiş həmkarları onu istedadlı, zəhmətkeş, ağıllı və nizam-intizamlı biri kimi xarakterizə edirlər. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək davam edən gərgin efir rejimində uğurlu olduğu və “Fox” tamaşaçılarının diqqətini cəlb edən xəbərləri seçmək bacarığı ilə seçildiyi bildirilir.
Pit Heqset isə 2014-cü ildə “Fox News”da aparıcı kimi fəaliyyətə başlayıb və qısa müddətdə kanalın tanınmış simalarından birinə çevrilib. Cütlüyün peşəkar münasibətləri zamanla şəxsi münasibətlərə çevrilib.

Cennifer Heqsetin ictimaiyyət qarşısındakı yeni rolu
Cennifer Heqset son dövrlərdə hərbçi ailələri üçün keçirilən tədbirlərdə daha çox görünməyə başlayıb. May ayında Pentaqonda hərbçi anaları üçün bağçada ziyafət təşkil edib. Fevral ayında Fort Kempbelldə Müdafiə Nazirliyinin məktəbində uşaqlara kitab oxuyub. Ötən ilin dekabrında isə müharibədə və ya aktiv xidmətdə həlak olmuş hərbçilərin ailələrini Pentaqonda Milad çay süfrəsində qəbul edib.
Hazırda rəhbərlik etdiyi Hərbi Həyat Yoldaşları Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri də hərbçi ailələrinin üzləşdiyi problemlərdir. Cennifer Heqset Fort Kempbelldən Sinqapuradək hərbçi ailələri ilə keçirdiyi görüşlərdə əsasən mənzil, səhiyyə xidmətləri, məşğulluq, uşaq baxımı və təhsil məsələlərinin önə çıxdığını bildirib.

Pentaqondakı pərdəarxası təsiri
Cennifer Heqsetin Pentaqondakı təsirinin ictimai tədbirlərdən xeyli kənara çıxdığı bildirilir. O, həyat yoldaşının televiziya proqramlarına hazırlaşmasına kömək edir, jurnalistlərlə keçirdiyi görüşlərdə iştirak edir, Pentaqonda işləyə biləcək namizədlərlə müsahibələr aparır və Müdafiə Nazirliyinin kommunikasiya fəaliyyəti ilə bağlı ideyalar irəli sürür.
Bəzi hallarda onun nazirin yanında olması Pit Heqsetin gərgin iş qrafikini idarə etməsinə də kömək edir.
Hegsethin yaxın çevrəsindən bir şəxsin sözlərinə görə, müdafiə naziri həyat yoldaşını yanında saxlamaq istəyir, çünki o, nazirin problemlərdən uzaq qalmasına kömək edir. Cennifer Heqset həmçinin Pit Heqsetin aparat rəhbəri Riki Buriya ilə yaxın təmasdadır.
“Fox News”da keçmiş prodüser və Cennifer Heqsetin yaxın dostu kimi təqdim olunan Tami Radabo da Pentaqonda onun kommunikasiya strategiyasında mühüm mövqeyə sahibdir. Radabo Pit Hesetin kommunikasiya strategiyasına cavabdeh baş məsləhətçi kimi çalışır və bəzi mənbələr onu Cennifer Heqsetin Pentaqondakı “gözü və qulağı” adlandırırlar.

İngiltərə rəsmiləri ilə həssas toplantı müzakirəsi
Cennifer Heqsetin rolu ilə bağlı ən ciddi mübahisələrdən biri ABŞ-ın Ukraynaya hərbi kəşfiyyat məlumatlarının ötürülməsini müvəqqəti dayandırdığı dövrdə yaşanıb.
“Wall Street Journal”ın daha əvvəl dərc etdiyi xəbərə görə, Cennifer Heqset həyat yoldaşı və yüksək səviyyəli britaniyalı müdafiə rəsmiləri ilə keçirilən həssas toplantıda iştirak edib.
“New York Times”a danışan Tramp administrasiyasından bir rəsmi bildirib ki, toplantının əvvəllər ictimaiyyətə açıqlanmayan hissəsində britaniyalı rəsmilər Ukraynada yerləşən quru qoşunlarının vəziyyətindən narahat olduqlarını bildiriblər.
Britaniya tərəfinin ABŞ kəşfiyyatı olmadan qoşunlarının Rusiyanın mümkün raket hücumları ilə bağlı erkən xəbərdarlıqlardan məhrum qala biləcəyini və bunun hərbçilərin həyatını təhlükəyə ata biləcəyini söylədiyi bildirilir.
Lakin britaniyalı rəsmilərin Cennifer Heqsetin toplantıda iştirakından narahat olduqları və buna görə də mövzunu ümumi ifadələrlə məhdudlaşdırdıqları iddia edilir. Daha sonra məsələnin təfərrüatlarını müzakirə etmək üçün Cennifer Heqsetin iştirak etmədiyi daha kiçik toplantının keçirildiyi bildirilib.
Pentaqon isə bu iddialarla razılaşmır. Baş sözçü Şon Parnell Cennifer Heqsetin toplantıya yalnız tanış olmaq məqsədilə qatıldığını və qısa müddət sonra oranı tərk etdiyini bildirib. Parnell həmçinin onun məxfi məlumatların müzakirə edildiyi hər hansı Müdafiə Nazirliyi toplantısında iştirak etmədiyini deyib. Pentaqon Cennifer Heqsetin məxfi məlumatlara çıxış icazəsinin olub-olmaması barədə isə açıqlama verməyib.

Mətbuatla gərginlik
Cennifer Heqsetin Pentaqondakı rolu media ilə münasibətlər baxımından da müzakirələrə səbəb olub. Hökumət rəsmilərindən birinin sözlərinə görə, Cennifer Heqset həyat yoldaşının jurnalistlərlə sərt münasibətini dəstəkləyib və Pentaqon müxbirlərinin binaya girişinə qoyulan məhdudiyyətlərlə bağlı Pit Heqsetlə birlikdə çalışıb.
Bu iddia xüsusilə diqqət çəkir, çünki Cennifer Heqset təxminən 20 il jurnalistika və televiziya prodüserliyi sahəsində fəaliyyət göstərib. Pentaqonun jurnalistlərə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən “New York Times” da Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edib. Pit Heqsetin Pentaqona gəlməsindən sonra media qurumlarının binadakı iş yerləri ilə bağlı da mühüm dəyişikliklər edilib.
Pentaqona səssiz giriş
Cennifer Heqsetin Pentaqona çıxışı da diqqət çəkir. Mənbələrin bildirdiyinə görə, o, Pit Heqsetin ofis sahəsinə birbaşa açılan avtomobil dayanacağı liftindən istifadə edərək binaya səssiz şəkildə daxil ola bilir. Bu, nazirin rəsmi komandasının bəzi üzvləri ilə birbaşa əlaqə saxlamasını da asanlaşdırır.
Pentaqon rəhbərliyi isə Cennifer Heqsetin mövcud rəhbərlik strukturundakı rolunun azaldılmasını deyil, gələcəkdə daha da genişləndirilməsini planlaşdırdığını bildirir.

“Bu, normal deyil” müzakirəsi
Cennifer Heqsetin rolu ilə bağlı əsas mübahisə əslində bir suala əsaslanır: müdafiə nazirinin həyat yoldaşı nazirin rəsmi fəaliyyətində nə qədər rol oynaya bilər?
Müdafiə Nazirliyi Cennifer Heqseti rəsmi qərar qəbul edən şəxs kimi təqdim etmir. Lakin hazırkı və keçmiş rəsmilərin verdiyi məlumatlar onun Pit Heqsetin siyasi və kommunikasiya çevrəsində kifayət qədər təsirli olduğunu göstərir.
Xüsusilə həssas toplantılarda iştirak etdiyi barədə iddialar, məxfi məlumatlara çıxış icazəsinin olub-olmaması ilə bağlı qeyri-müəyyənlik və jurnalistlərə münasibətdə siyasətə təsir göstərdiyi barədə ittihamlar bu müzakirələri daha da qızışdırır.
Aydın
Şərhlər