Foto 16:56 23.08.2023

Ağstafada Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günü qeyd olundu

Ağstafada Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günü qeyd olunub.

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəisi Cəlal Abuzərov, İdarənin şəxsi heyəti və rayonun məsul şəxsləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsində davam etdirilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Seymur Orucov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sisteminə diqqət və qayğı siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü, ictimai-siyasi sabitliyin qorunması və baş verə biləcək terror aktlarının qarşısının alınması kimi ən mühüm məsələlərdə böyük fədakarlığla ölkəmizə xidmət edir.

Peşə bayramı günündə hərbi xidmətlərində fərqləndiklərinə görə bir sıra əməkdaşlar müvafiq medalllar və rütbələr, eləcə də Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.