Xəbər lenti

Aİ Çin elektrik avtomobillərinə 20% rüsum tətbiq edə bilər
Dünya 12:53 18.09.2023

Aİ Çin elektrik avtomobillərinə 20% rüsum tətbiq edə bilər

Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tyerri Breton etiraf edib ki, Avropa Komissiyasının Çinli elektrik avtomobil istehsalçılarının haqsız rəqabəti ilə bağlı araşdırması onların üzərinə düşən gömrük rüsumlarının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, Breton bu barədə Fransanın LCI telekanalına müsahibəsində bildirib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu həftənin əvvəlində Avropa Parlamentində "Birliyin Vəziyyəti ilə bağlı” çıxışı zamanı Çin elektrik avtomobillərinin yoxlanılacağını açıqlayıb.

Araşdırma, yerli avtomobil istehsalçılarının, xüsusən də Fransa və Almaniyanın şikayətləri fonunda Çin avtomobil istehsalçılarına əhəmiyyətli dövlət subsidiyalarının Avropa bazarında ədalətsiz rəqabətə töhfə verib-vermədiyini müəyyən etməyə hazırlaşır.

Təhqiqat nəticəsində Avropa Komissiyası ticarət qaydalarının pozulmasını aşkar edərsə, Pekinlə ticarət müharibəsinə səbəb olmaq riski ilə Çin avtomobillərinə cərimə rüsumları tətbiq edə bilər.

Vəziyyəti şərh edən Breton öz ifadələrində ehtiyatlı olub, lakin qeyd edib ki, bu cür yoxlamalar "çox vaxt gömrük rüsumlarının 10-20% artmasına gətirib çıxarır”.

"Bu gün Çindən Avropaya gələn elektrik avtomobillərinə 10% gömrük rüsumu tətbiq edilir. ABŞ-ı misal çəksəm, bu, 27,5% təşkil edir", - Avropa komissarı izah edib.

Pekin artıq Avropa Komissiyasının araşdırmasını tənqid edərək, bu "açıq-aşkar proteksionizmin Çin və Avropa İttifaqı arasında iqtisadi və ticarət əlaqələrinə mənfi təsir göstərəcəyini” bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->