Xəbər lenti

Aİ ilə Çin arasında yeni ticarət müharibəsi? - Gərginlik pik həddə çatıb
Dünya 16:02 17.06.2026

Aİ ilə Çin arasında yeni ticarət müharibəsi? - Gərginlik pik həddə çatıb

Avropa İttifaqının (Aİ) Çinlə ticarət kəsirinin getdikcə artması Brüsseli elektrikli avtomobillərdən elektron ticarət platformalarınadək bir çox sahədə qoruyucu tədbirlər görməyə sövq edib. Artan gərginlik isə tərəflər arasında yeni ticarət müharibəsi riskini gündəmə gətirir. Pekin administrasiyası dialoq çağırışı etsə də, proteksionist siyasətlərə cavab verə biləcəyi barədə xəbərdarlıq edir.

Qaynarinfo xəbər verir ki, Aİ ilə Çin arasında ticarət münasibətlərindəki gərginlik tərəflərin qarşılıqlı addımları səbəbindən yüksəlir və mümkün ticarət müharibəsi ehtimalı getdikcə daha çox səsləndirilir. Bu mühüm məsələ 18-19 iyun tarixlərində Brüsseldə keçiriləcək Aİ Liderlər Zirvəsinin əsas müzakirə mövzularından biri olacaq.

"Dayanıqsız" həddə

Avropa Komissiyası ötən ay yaydığı açıqlamada Çinlə ticarət kəsirinin "dayanıqsız” səviyyəyə çatdığını bildirib. "Eurostat”ın məlumatına görə, yalnız aprel ayında bu kəsir 31,9 milyard avro təşkil edib.

Aİ-nin ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç bildirib ki, birliklə Çin arasındakı ticarət münasibətləri yenidən tənzimlənməli olan mərhələyə gəlib. Onun sözlərinə görə, məqsəd qarşıdurma deyil, balansın təmin edilməsidir.

Çin: Narahatlıqların fərqindəyik

Çinin Aİ yanındakı missiyasının rəhbəri Tsay Run isə ötən ay verdiyi açıqlamada Pekinin Avropanın narahatlıqlarından tam xəbərdar olduğunu deyib.

O bildirib ki, Çin heç vaxt qəsdən ticarət profisiti əldə etməyə çalışmayıb və bu problemin həlli istiqamətində əməkdaşlığa hazırdır.

Pekin Çin şirkətlərinin qlobal uğurlarının böyük dövlət subsidiyalarına söykəndiyi barədə iddiaları rədd edir. Çin tərəfi hesab edir ki, bu uğurlar innovasiya, miqyas iqtisadiyyatı və güclü sənaye infrastrukturu hesabına əldə olunub.

Münasibətlər hansı mərhələdədir?

Avropa İttifaqı Çin şirkətlərinin xüsusilə elektrikli avtomobillər, kimya sənayesi və yaşıl texnologiyalar kimi strateji sahələrdə dominant mövqeyinin Avropanın yerli sənayesini zəiflədə biləcəyindən narahatdır.

Birlik həmçinin Pekinin Avropa şirkətlərinə qarşılıqlılıq prinsipi əsasında bərabər imkanlar yaratmadığını bildirərək Çin bazarına daha geniş çıxış tələb edir.

Çin isə Aİ-nin ittifaq xaricindən olan bəzi məhsulların dövlət satınalmalarında iştirakını məhdudlaşdıran və Avropa şirkətlərinin satın alınmasını çətinləşdirən "sənaye sürətləndirməsi” qanun layihəsini qəbul edəcəyi halda cavab tədbirləri görəcəyini bəyan edib.

Digər tərəfdən, Avropa Komissiyası telekommunikasiya şəbəkələrindən yüksək riskli hesab edilən təchizatçıların çıxarılmasını nəzərdə tutan kibertəhlükəsizlik qaydalarını da yenidən nəzərdən keçirib. Bu çərçivədə Çin mənşəli bir texnologiya şirkətinin adı ön plana çıxır.

2024-cü ildən etibarən isə Avropaya ixrac edilən Çin istehsalı elektrikli avtomobillərə əlavə gömrük rüsumları tətbiq olunur.

Ticarət müharibəsi ehtimalı nə qədər realdır?

Şanxaydakı Çin-Avropa Beynəlxalq Biznes Məktəbinin (CEIBS) professoru Sü Dinbo bildirib: "Hisslər yüksək səviyyədədir və vəziyyət qeyri-sabitdir. Aİ ilə Çin arasında ticarət müharibəsi riski realdır”.

Buna baxmayaraq, CEIBS-in iqtisadçısı Ju Tyan tərəflərin razılığa gəlməsi üçün ciddi səbəblərin olduğunu vurğulayıb: "Gərginliyin artmasından heç bir tərəf qazanc əldə etməyəcək. Avropa daha yüksək xərclər və yaşıl keçidin ləngiməsi ilə üzləşə bilər, Çin isə əsas bazarlarından birinə çıxışını itirə bilər”.

Çinin mümkün addımları nələr ola bilər?

Ekspertlərin fikrincə, Pekinin Avropanın yeni qoruyucu tədbirlərinə cavab vermək üçün kifayət qədər aləti var.

Ju Tyan bildirib: "Çin antidempinq araşdırmaları, tənzimləyici yoxlamalar, müəyyən sahələrdə məhdudiyyətlər və ya siyasi baxımdan həssas Avropa məhsullarına təzyiqlərlə cavab verə bilər”.

Bu dəfə Avropanın əsas narahatlıqlarından biri yüksək texnologiya sektorları üçün həyati əhəmiyyət daşıyan nadir torpaq elementlərinin ixracının Çin tərəfindən məhdudlaşdırılması ehtimalıdır.

Ju Tyan hesab edir ki, Pekinin cavabı ölçülü olacaq: "Aİ-yə tətbiq edilən tədbirlərin müəyyən bədəli olduğunu göstərmək üçün kifayət qədər sərt, lakin münasibətləri tam qoparmayacaq qədər balanslı bir yanaşma gözlənilir”.

Aİ Çin üçün niyə vacibdir?

Avropa İttifaqı Çinin ikinci ən böyük ticarət tərəfdaşıdır. "Jacques Delors Institute”un eksperti Elvir Fabri bildirib: "ABŞ bazarı qapanarkən Çin Avropa bazarına çıxışını qorumağa ehtiyac duyur”.

Ju Tyan isə qeyd edib ki, Çin investisiyalarının Avropaya yönəlməsi yeni iş yerlərinin yaranmasına səbəb ola bilər və Avropadakı qərarvericilərə Çinin onların narahatlıqlarını ciddi qəbul etdiyi mesajını verə bilər.

Aydın
--> -->