XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Delfin" tayfunu: Bir milyondan çox insan təxliyə edildi - 150 illik rekord (FOTO)
Ölkə13:02 10.08.2026

"Delfin" tayfunu: Bir milyondan çox insan təxliyə edildi - 150 illik rekord (FOTO)

Çinin şərq sahillərini təsiri altına alan “Delfin” tayfunu səbəbilə bazar günü axşamına qədər 1 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. Bəzi hava limanlarında yüzlərlə reys ləğv olunub, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Şanxayda 24 saat ərzində düşən yağıntının miqdarı şəhərdə 150 ildən artıq müddətdə aparılan ölçmələr üzrə ən yüksək səviyyəyə çatıb.

Qaynarinfo xəbər verir ki, Çjetszyan əyalətinin sahil şəhəri Vençjouda 900 mindən çox insanın təxliyə edildiyi və 1 500-dən çox təcili sığınacağın açıldığı bildirilib. Qonşu Fuczyan əyalətində yüksək riskli ərazilərdən 98 900 nəfər, ölkənin maliyyə mərkəzi Şanxayda isə 215 600 nəfər təxliyə edilib.

Şanxayın mərkəzində yerləşən meteoroloji stansiyada bazar ertəsi səhər saat 07:00-dək olan 24 saat ərzində təxminən 313 millimetr yağıntı qeydə alınıb.

Bu göstərici 150 ildən artıq müddətdə aparılan müşahidələrdə ən yüksək sutkalıq yağıntı kimi tarixə düşüb. Şəhərdəki digər meteoroloji stansiyada isə yağıntının miqdarı təxminən 400 millimetrə çatıb.

Çinin sosial media platforması “Weibo”da “Şanxay dənizə çevrildi” həştəqi gündəmə gəlib. Şəhərin ən məşhur turistik məkanlarından biri olan Vukang malikanəsinin ətrafında su basmış küçələri əks etdirən videolar sosial şəbəkələrdə yayılıb.

Çin Milli Meteorologiya Mərkəzi (NMC) bazar günü Çjetszyan əyalətinin sahillərinə iki dəfə çıxış etdikdən sonra bazar ertəsi səhər saat 05:00-a qədər sürətlə tropik fırtına səviyyəsinə zəifləyən “Delfin” tayfunu ilə bağlı xəbərdarlıq səviyyəsini aşağı salıb.

Lakin fırtınanın şimala və ölkənin daxili ərazilərinə doğru hərəkətini davam etdirməsi səbəbindən Çinin şərq və mərkəzi bölgələrində güclü yağışların davam edəcəyi proqnozlaşdırılır.

Səlahiyyətli qurumlar güclü yağışlarla bağlı narıncı xəbərdarlıq səviyyəsini qüvvədə saxlayıb. Güclü yağışların çərşənbə gününə qədər davam edə biləcəyi və bunun sel və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib. Əhaliyə qapalı məkanlarda qalmaq tövsiyə olunub.

Fırtına səbəbilə Şanxaydakı iki hava limanında 943-dən çox reys ləğv edilib. Ümumilikdə şəhərin hava limanlarında ləğv olunan reyslərin sayı 1 300-ü keçib. Qatarlar da daxil olmaqla ictimai nəqliyyat xidmətləri dayandırılıb.

Şanxaydan təxminən 150 kilometr cənubda yerləşən Çjetszyandakı Ninbo Beynəlxalq Hava Limanında uçuşların bazar ertəsi günorta saatlarından etibarən (Bakı vaxtı ilə 07:00) mərhələli şəkildə bərpa ediləcəyi bildirilib. Bununla belə, səlahiyyətli qurumlar tayfunun təsirinin tam aradan qalxmaması səbəbindən gecikmələrin və reys ləğvlərinin davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Pekin və ölkənin şimal bölgələri də bu həftə ekstremal hava şəraitinə hazırlaşır.

Bazar ertəsi Pekinin beş rayonunda güclü yağışlarla bağlı qırmızı xəbərdarlıq elan edilib. Bəzi ərazilərdə torpaq sürüşməsi və sel riskinin yüksək olduğu bildirilib.

Aydın