Xəbər lenti

Aİ qeyri-qanuni miqrantları üçüncü ölkələrə deportasiya edə bilər
Dünya 15:55 12.06.2026

Aİ qeyri-qanuni miqrantları üçüncü ölkələrə deportasiya edə bilər

12 iyundan Avropa İttifaqında yeni miqrasiya və sığınacaq pakti tətbiq olunmağa başlayır. 

Qaynarinfo xəbər verir ki, yeni qaydalara əsasən, Aİ ölkələrində sığınacaq almaq daha çətinləşəcək, müraciəti rədd edilən şəxslərin isə daha tez ölkəni tərk etməsi tələb olunacaq. Lakin bu sənəd Avropada qaçqın problemini tam həll etmir. Kütləvi miqrasiya dalğası hələ 2010-cu illərdə qitəni əhatə etmişdi və vahid yanaşmanın razılaşdırılması illər çəkdiyi üçün miqrasiya artıq xarici sərhəd problemi olmaqdan çıxaraq daxili siyasi gərginlik mövzusuna çevrilib.

Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner yeni qaydaları belə izah edib: "Yeni qaydalarla Aİ-yə kimin daxil ola biləcəyinə, kimin qala biləcəyinə və kimin çıxmalı olduğuna daha çox nəzarət edəcəyik. Avropada qayda yaradırıq”.

2024-cü ildə qəbul edilən bu tarixi sənədin tətbiqinə üzv ölkələrə iki il hazırlıq vaxtı verilmişdi.

Birincisi, üçüncü ölkə vətəndaşlarının Aİ-nin xarici sərhədlərində məcburi yoxlanması və biometrik məlumatların toplanması nəzərdə tutulur. Yenilənmiş "Eurodac” məlumat bazası əsasında təkrar müraciətlərin müəyyən edilməsi və Aİ daxilində qeyri-qanuni hərəkətin qarşısının alınması planlaşdırılır.

İkincisi, sığınacaq hüququnun yoxlanılması və deportasiya prosedurlarının sürətləndirilməsi nəzərdə tutulur. Qoruma hüququ olmayan şəxslər artıq illərlə sosial müavinət alaraq qərar gözləyə bilməyəcək, bəzi müraciətlər isə Aİ-yə daxil olmadan əvvəl ilkin mərhələdə qiymətləndiriləcək.

Üçüncüsü, Aİ ölkələri miqrantların bölüşdürülməsi, maliyyə dəstəyi və əməli yardım məsələlərində həmrəylik mexanizmi üzərində razılaşıb. Əvvəllər məsuliyyət əsasən ilk qəbul edən ölkənin üzərinə düşürdü.

Bundan əlavə, pakta əlavə mexanizmlər də daxil edilə bilər. Müzakirə olunan təkliflərdən biri Aİ-dən kənarda "geri dönüş mərkəzləri”nin yaradılmasıdır. Bu mərkəzlər sığınacaq hüququ almayan şəxslərin göndəriləcəyi yerlər olacaq. Potensial ölkələr sırasında Albaniya, bəzi Afrika dövlətləri, həmçinin Qazaxıstan və Özbəkistanın adı hallanıb, lakin bu ölkələr razılıq vermədiklərini bildiriblər.

2015-ci ildə Avropada sığınacaq üçün müraciət edənlərin sayı 1,25 milyonu keçmişdi. Eyni dövrdə Aralıq dənizində Lampeduza istiqamətində 800 miqrantın olduğu gəminin batması Avropada ciddi siyasi reaksiyaya səbəb olmuşdu.

2015–2025-ci illər arasında ümumilikdə 8,6 milyondan çox insan beynəlxalq müdafiə üçün müraciət edib.

Yeni pakta həm insan hüquqları təşkilatları, həm də konservativ siyasətçilər tərəfindən tənqidlər yönəldilib. Bir tərəf bunu "Avropa hüququnun zəiflədilməsi”, digər tərəf isə "çox yumşaq siyasət” kimi qiymətləndirib.

Son illərdə miqrasiya mövzusu Avropada siyasi qütbləşməni artırıb və nəticədə Avropa liderləri daha sərt yanaşmanı seçərək əsas diqqəti nəzarət və sürətli deportasiya mexanizmlərinə yönəldiblər.

Aydın
--> -->