İdman 13:48 20.11.2023

Şakir Eminbəyli: “De Byazinin bu cür qeyri-etik hərəkəti yolverilməzdir”

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimizin Belçikaya 0:5 hesablı məğlubiyyəti, təbii ki, azərbaycanlı olaraq hamımızı üzdü. Ancaq bundan daha üzücü olan baş məşqçi Canni De Byazinin oyundan sonra jurnalistlərə dediyi sözlər, daha doğrusu, həmkarlarımızı "axmaq” adlandırması oldu. Düzdür oyundan sonra AFFA-nın baş katibi Sərxan Hacıyev onun adından media nümayəndələrindən üzr istədi. Şübhəsiz, bu idman mediası üçün kifayət edə bilməz. Bəs De Byazinin cavabı necə verilməlidir? 

Onun tərbiyəsizliyinə tanınmış jurnalist Şakir Eminbəyli də münasibətini bildirib. Həmkarımız Qaynarinfo-ya açıqlamasında De Byazinin böyük səhvə yol verdiyini deyib:

"Bu, məncə xoşagələn hal deyil. Bacardığım qədər öz emosiyalarımı yığışdırmağa çalışıram. Əslində, illah da ki, bizim ölkədən ədalətsiz pul, çörək qazanan bir insanın nəinki jurnalistlərin, istənilən Azərbaycan vətəndaşının qarşısında bu cür qeyri-etik hərəkəti məncə, yolverilməzdir. Bu artıq sonuncu həddir. Məncə "qırmızı xətt”ə çatıb. Onsuz da onun vəziyyəti yaxşı deyildi. Futbola keçmək istəmirəm, çünki bu mövzuda danışsaq, çox vaxt aparacaq. İstənilən halda belə hərəkət xoş deyil. Nəinki xarici, heç yerli mütəxəssislərin də jurnalisti, müəllimi, istənilən peşə sahibini bu cür aşağılayıcı ifadələrlə, illah da ki, dünənki nəticədən sonra təhqir etməsi son dərəcə xoş olmayan bir haldır. Bu, son dönəmlərdə keçdiyimiz yolların fonunda qalib bir millətə yuxarıdan-aşağı baxmaqdır. Həm də ki, "Qarabağ”, Qurban Qurbanov nümunəsi var. Yeri gələndə "Qarabağ" da "Bayer”ə uduzmuşdu. Bu fikirlərim subyektiv ola bilər. Çünki hər kəs Qurban Qurbanovla dost münasibətimi bilir. Obyektivliyə qalsa, hər komandanın acı məğlubiyyətə uğramaq variantı var. Jurnalistin işi sual verməkdir. Sual nə qədər ağır, çətin olsa da onun cavabını almaq istəyir. De Byazi eyni cavabı italyan jurnalistlərə verə bilərdimi? Yaxud hər hansı ingilis mütəxəssis İtaliyada eyni hərəkəti edə bilərdimi? Edə bilməzdilər. De Byazi edibsə, deməli, yanlış yoldadır. Üstəlik də yaşına görə… Millətimizə, yumşaq desək, hörmətsizlik edib. Amma yeri gələndə başından böyük qələt edib. Yəqin ki, haqqında ölçü götürüləcək, özbaşına deyil. Hörmətli Sərxan müəllim də (AFFA-nın baş katibi Sərxan Hacıyev) onun əvəzindən üzr istəyib. Məncə hər kəs öz hərəkətinə görə, məsuliyyət daşımalıdır. Ölkədə Qurbanov nümunəsi var. Qurbanovun vətəndaşı olduğu ölkədə, ən azı özünü ona yaxın saxlamalıdır. Təkcə De Byazi deyil, ölkədə işləyən onlarla, yüzlərlə əcnəbi mütəxəssislər var, hamısı vətəndaşlarımıza hörmətlə, sayğı ilə yanaşmalıdır”.

Bəs belə olan halda De Byaziyə hansı şəkildə cavab verilməlidir? Eminbəyli bu sualı belə cavablandırıb:

"Bu barədə qərar verən, nə sizsiniz, nə mən. Adamın iş yeri, rəhbərliyi var və qərarı onlar verməlidir. Hər hansı ifadəni söyləməyi doğru hesab etmirəm, çünki mənim işim deyil. Ölkə vətəndaşı kimi həm nəticələrdən, həm də futbolumuzun durumuna görə üzgünəm. Səbəblər çoxdur, dərindir. Ancaq məni Azərbaycan kimi futbolun səviyyəsi aşağı olan ölkədə işləməyə dəvət ediblərsə, bütün riskləri nəzərə alıb qərar verməliyəm ki, gəlim, ya yox. Mən burdan nəticə qazanacam, yoxsa, qazanmayacağam? Real vəziyyəti bilib bu və ya digər vəzifəyə gəlmişdinsə, bütün riskləri nəzərə alıb qərar verməli idin. Sonunda Azərbaycan millisinin belə vəziyyətlə üzləşəcəyini bilməli idin. Bilib gəlmisənsə, o zaman artıq-əskik hərəkətlər etmək, hər kəsi günahkar çıxarmaq, "məndən başqa hamı günahkardır” demək anormal haldır. Bu formada olan məsələlərin məsuliyyəti onu işə götürənlərin üzərindədir. Onlar qərar verməlidirlər. Biz emosionallığa qapılıb çox ifadələr işlədə bilərik. Məncə sonunda onun bura dəvət olunmasına görə cavabdehlik daşıyan təşkilat qərar qəbul etməlidir”.

Səbuhi Həsənov