Xəbər lenti

Alimdən iddia: İnsanlar 3 ildən sonra keçmişə səyahət edə biləcək
Dünya 15:47 01.05.2026

Alimdən iddia: İnsanlar 3 ildən sonra keçmişə səyahət edə biləcək

Bəzi futuristlərə görə, texnologiyanın inkişafı insan həyatının orta müddətini əhəmiyyətli dərəcədə uzada bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics” yazır.

Qeyd olunur ki, futurologiya sahəsində "uzunömürlülükdən qaçış sürəti” adlı ideya müzakirə olunur.

"Bu, çox fantastik səslənir, amma mahiyyət etibarilə belə bir ideyadır: həyat uzadıcı texnologiyalar inkişaf etdikcə, insanın orta ömür müddəti yaşlanma sürətindən daha tez arta bilər. Məsələn, tibbi innovasiyalar inkişaf etdikcə biz hər il bir il yaşlanmağa davam edirik, amma orta ömür müddəti bir il və iki ay artır. Bu isə faktiki olaraq bizə əlavə iki ay həyat qazandırır”, deyə materialda izah edilir.

2024-cü ilin martında "Google”un keçmiş mühəndisi və süni intellekt üzrə tanınmış futurist Rey Kurtsvayl bir sıra media orqanlarına açıqlamasında bildirib ki, onun fikrincə insanlıq 2029-cu ilə qədər "yaşlanmadan qaçış sürətinə” çatacaq: "2029-cu ildən sonra siz bir ildən çox həyat geri qazanacaqsınız. Sanki keçmişə qayıdırsınız. Bir dəfə ən azı bir il geri qazandığınız anda, siz yaşlanmadan qaçış sürətinə çatmış olacaqsınız".

Kurtsvaylın sözlərinə görə, bu yaxın gələcək kimi görünsə də, tibbi inkişafın sürətlənməsi bunu mümkün edə bilər: "Məsələn, biz COVID vaksini 10 ayda hazırladıq. Halbuki onun əsas hesablamaları cəmi iki gün çəkdi, çünki milyardlarla mRNT ardıcıllığını təhlil etdik. Hazırda modelləşdirilmiş biologiya inkişaf edir və bu, növbəti beş ildə böyük irəliləyişlərə səbəb olacaq".

Eyni zamanda vurğulanır ki, tibbdəki inkişaf orta ömür müddətini artırsa da, "ömür uzunluğu” ilə "orta ömür müddəti” eyni anlayış deyil. "Yaşlanmadan qaçış sürəti” konsepsiyası da məhz orta göstəriciyə əsaslanır və bu, ölümsüzlük demək deyil.

"Bu, sizə sonsuz həyat zəmanəti vermir. Məsələn, 10 yaşlı bir uşaq çox uzun illər yaşayacağını hesablaya bilər, amma sabah da ölə bilər”, deyə Kurtsvayl əlavə edib.

"Popular Mechanics” isə yekunda qeyd edir ki, tibb və texnologiya sürətlə inkişaf etsə də, "ölümdən qaçış sürəti” ideyası hələlik yalnız nəzəri proqnoz olaraq qalır. Buna görə də ölüm və vergilər hələlik insan həyatının qaçılmaz reallığıdır.

Aydın

--> -->