Xəbər lenti

Alimlər Marsı yaşıllaşdırmağa hazırlaşır
Texnologiya 23:11 05.06.2025

Alimlər Marsı yaşıllaşdırmağa hazırlaşır

Marsın Yerə bənzər, yaşanabilir bir planetə çevrilməsi ideyası uzun illər elmi-fantastik romanların və filmlərin mövzusu kimi qəbul edilirdi. Lakin son dövrlərdə alimlər bu məsələyə real şəkildə diqqət yetirməyə başlayıblar.

Qaynarinfo xəbər verir ki, "SpaceX" və digər kosmik şirkətlərin əsas məqsədi Marsa çatmaqdır və bu məqsəd yaxınlaşdıqca, Marsla bağlı müzakirələr də intensivləşir. 

Texnologiyaların inkişafı və elmi tədqiqatların artması sayəsində Qırmızı planetin "terraform" olunması - yəni onun iqlimi və atmosferinin dəyişdirilməsi ideyası elmi dairələrdə getdikcə daha ciddi şəkildə müzakirə olunmağa başlayıb. "Pioneer Labs" şirkətinin baş direktoru Erika DeBenedictis də bu məqsəd uğrunda çalışan mütəxəssislərdəndir. DeBenedictis hesab edir ki, "SpaceX"in "Starship" kimi qabaqcıl kosmik vasitələri və sintetik biologiya sahəsindəki yeniliklər bu nəhəng layihənin bir gün gerçəyə çevriləcəyi ümidlərini artırır.

İddialı plan əsasən üç mərhələdən ibarətdir. İlk mərhələdə Marsın şaxtalı soyuq iqlimi istiləşdirilməli və atmosferinə istixana qazları əlavə olunaraq planetin daha mülayim hala gətirilməsi hədəflənir.

İkinci mərhələdə Yerdəki çətin şəraitə tab gətirə bilən ekstremofil mikroorqanizmlər Marsa daşınaraq, planetin bioloji transformasiyasına zəmin yaradılacaq. Son mərhələdə isə mürəkkəb bir biosfer yaradılaraq, bitki və heyvan həyatını dəstəkləyə biləcək ekosistem qurulması planlaşdırılır.

Lakin Marsın yaşanabilir hala gətirilməsi səyləri mühüm etik müzakirələri də gündəmə gətirir. Alimlər Marsın keçmişdə mövcud olmuş həyat formalarına dair sübutlar daşıya biləcəyindən və terraformasiya prosesinin bu sübutları məhv edə biləcəyindən narahatdırlar.

Digər tərəfdən isə bu layihənin Yer kürəsindəki ekoloji problemlərə qarşı bir "B planı" ola biləcəyi, kosmik araşdırmalar üçün baza rolunu oynaya biləcəyi və bəşəriyyətin kosmosdakı gələcəyi üçün mühüm bir addım təşkil edəcəyi də iddia olunur. Bu nəhəng transformasiyanın baş tutması üçün daha çox araşdırma, təcrübə və texnoloji yeniliklərin zəruri olduğu vurğulanır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->