Xəbər lenti

Almaniyada “Eurobond” müzakirələri fikir ayrılığı yaratdı
Dünya 17:53 16.02.2026

Almaniyada “Eurobond” müzakirələri fikir ayrılığı yaratdı

Avropa İttifaqında (Aİ) iqtisadi durğunluğun aradan qaldırılması və müdafiə qabiliyyətinin artırılması məqsədilə gündəmə gətirilən "ortaq borclanma” (Eurobond) təklifləri Almaniyada ciddi müzakirələrə səbəb olub və iqtisadi suverenlik məsələsini yenidən aktuallaşdırıb.

Qaynarinfo xəbər verir ki, Almaniya Mərkəzi Bankının (Deutsche Bundesbank) prezidenti Joachim Nagelin Aİ səviyyəsində ortaq borclanmaya "yaşıl işıq” yandıran açıqlamaları ölkədə büdcə intizamı və milli nəzarət məsələləri ilə bağlı narahatlıqları artırıb.

Nagel bildirib ki, "Avropanı investorlar üçün cəlbedici etmək üçün təhlükəsiz və likvid ortaq aktiv bazarına ehtiyac var”. Lakin onun bu mövqeyi Almaniya siyasi dairələrində dəstək qazanmayıb.

Almaniyanın kansleri Fridrix Merz isə 12 fevralda keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra ortaq borclanma mexanizmini qətiyyətlə rədd etdiyini bildirib. O, Almaniya Federal Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi çərçivələrə istinad edərək deyib ki, bu addımı atması mümkün deyil.

Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, Nagelin təklifi Bundesbank-ın idarə heyətində əvvəlcədən müzakirə olunmayıb. Bank rəsmiləri qurumun rəsmi mövqeyində dəyişiklik olmadığını və Nagelin yanaşmasının Bundesbank-ın ənənəvi sabitlik yönümlü siyasəti ilə ziddiyyət təşkil etdiyini vurğulayıblar.

Nagel isə Politico saytına açıqlamasında İkinci Dünya müharibəsindən bəri Avropa təhlükəsizliyinin indiki qədər təhdid altında olmadığını bildirib. O, sərt nəzarət şərtilə nüvə çəkindiriciliyi və müdafiə sənayesi kimi sahələrdə eurobond mexanizminin qaçılmaz ola biləcəyini qeyd edib.

Alman mediasında yayımlanan təhlillərdə Nagelin bu mövqeyinin arxasında, Kristin Laqarddən sonra Avropa Mərkəzi Bankına (ECB) rəhbərlik üçün digər Aİ ölkələrinin dəstəyini qazanmaq strategiyasının dayana biləcəyi irəli sürülür.

Fransa, İtaliya və Belçika kimi yüksək borclu ölkələrin bu təklifi müsbət qarşıladığı bildirilir.

İqtisadi və siyasi risklər

Almaniya ənənəvi maliyyə siyasətinə uyğun olaraq Aİ çərçivəsində ortaq borclanmaya ehtiyatla yanaşır. Berlin bu mexanizmə indiyədək yalnız COVID-19 sonrası yaradılan bərpa fondu və Rusiya-Ukrayna müharibəsindən sonra Ukraynaya maliyyə dəstəyi kimi istisna hallarda razılıq verib.

Hökumət və iqtisadi dairələr hesab edir ki, ortaq borclanma fondlarının istifadəsinə nəzarətin Berlindən Brüsselə keçməsi Almaniya Bundestaqının əsas səlahiyyətlərindən biri olan "büdcə hüququnun” məhdudlaşdırılması deməkdir.

Müzakirələrin mərkəzində Almaniyanın ən yüksək – AAA kredit reytinqi dayanır. Ekspertlər ortaq borclanma risklərinin və mümkün faiz xərclərinin əsas yükünün Almaniyanın üzərinə düşə biləcəyi barədə xəbərdarlıq edirlər.

Alman ictimaiyyətində isə eurobond sisteminin alman vergi ödəyicilərini maliyyə intizamı zəif olan ölkələrin dolayı maliyyə dəstəkçisinə çevirə biləcəyi ilə bağlı narahatlıq artır. Maliyyə Nazirliyi rəsmiləri bu mexanizmin "Transfer İttifaqı”na çevrilə biləcəyindən və intizamlı ölkələrin vəsaitlərinin digər dövlətlərin büdcə kəsirlərinin bağlanmasına yönləndiriləcəyindən ehtiyat etdiklərini bildirirlər.
 
Günay
--> -->