Çin cənub-qərbdə yerləşən Siçuan əyalətinin ucqar dağ vadilərində gizli nüvə kompleksləri tikir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” peyk görüntülərinə istinadən yazır.
Jurnalist və ekspertlərin diqqətini cəlb edən əsas obyektlərdən biri Zitun vadisidir. Burada Çin mühəndisləri yeni bunkerlər və müdafiə bəndləri inşa edirlər. Peyk məlumatları yüksək riskli materiallarla iş aparıldığını göstərən çoxsaylı boru xətlərini üzə çıxarıb. Ehtimallara görə, burada nüvə başlıqlarında detonator kimi istifadə olunan adi partlayıcı maddələr istehsal olunur.
Digər obyekt – Pinqtonq – ikiqat hasarla əhatə olunub və plutonium əsaslı nüvə başlıqlarının istehsalında ixtisaslaşıb. Hündürlüyü 117 metr olan ventilyasiya borusu ilə seçilən mərkəzi bina yaxın vaxtlarda təmir edilib: yeni havalandırma dəlikləri və istilik yayma sistemləri əlavə olunub. Ərazidə fəal tikinti işləri davam edir.
Kompleksin girişinin üzərində Çin lideri Si Szinpinin sözləri yazılıb: "Əsas missiyamıza sadiq qalın və onu daim xatırlayın”. Kosmosdan görünən bu şüar nüvə proqramının ideoloji əsasını simvolizə edir.
Qeyd olunur ki, bu komplekslər 1960-cı illərdə Mao Tszedunun "Üçüncü cəbhə” layihəsi çərçivəsində yaradılmış gizli obyektlər şəbəkəsinin bir hissəsidir. Həmin dövrdə minlərlə alim ABŞ və ya SSRİ-nin mümkün zərbələrindən qorunmaq üçün dağlarda laboratoriyalar qururdu. 1980-ci illərdə beynəlxalq gərginliyin azalmasından sonra bir çox obyekt ixtisar edilsə də, 2019-cu ildən etibarən modernləşmə sürətlənib.
"Bu obyektlərdə gördüyümüz dəyişikliklər Çinin qlobal supergüc olmaq məqsədlərinə uyğundur. Nüvə silahı bu strategiyanın ayrılmaz hissəsidir”, deyə geokəşfiyyat üzrə ekspert Renni Babiarz bildirib.
Pentaqonun qiymətləndirməsinə görə, Çin artıq 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər bu göstəricini ikiqat artırmağı planlaşdırır. Bu rəqəm ABŞ və ya Rusiyanın arsenalından az olsa da, artım tempi Vaşinqtonda narahatlıq doğurur. ABŞ dövlət katibinin müavini Tomas Di Nanno Pekini qlobal moratoriumu pozaraq gizli nüvə sınaqları keçirməkdə ittiham edib.
"Çin elə bir mövqeyə çatmaq istəyir ki, onun fikrincə, ABŞ-ın nüvə təzyiqindən əhəmiyyətli dərəcədə qorunmuş olsun”, deyə "RAND Corporation” analitiki Maykl Çeyz bildirib.
Aydın
Şərhlər