Xəbər lenti

Aqrar sektorda süni intellekt həlləri - Proqram necə fayda verəcək?
Ekonomiks 16:40 17.07.2026

Aqrar sektorda süni intellekt həlləri - Proqram necə fayda verəcək?

Azərbaycanda aqrar sektorda süni intellektin (AI) tətbiqi üzrə planlaşdırılan 33 istifadə ssenarisindən 21-i hazırlanıb, onlardan 12-si artıq istifadəyə verilib. Bununla bağlı məlumatı Kənd Təsərrüfatı Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, bu planların məqsədi süni intellekt, böyük verilənlər (Big Data) və peyk texnologiyalarından istifadə etməklə qərarverməni təkmilləşdirmək, subsidiya sistemində şəffaflığı artırmaq, məhsuldarlığı yüksəltmək və resurslardan daha səmərəli istifadəni təmin etməkdir.
 
Qaynarinfo-ya proqramın mahiyyətini şərh edən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əslində, Azərbaycanda kənd təsərrüfatının idarə olunma tərzini tədricən dəyişən uzunmüddətli bir prosesdir. 

Ekspertin sözlərinə görə, nazirlik tərəfindən müəyyən edilmiş 33 ssenari fermer reytinqi, bitki növlərinin optimallaşdırılması, bitki sağlamlığına nəzarət, məhsul proqnozlaşdırılması, suvarmanın idarə edilməsi, torpaq xəritələşdirilməsi, otlaq sahələrinin idarə olunması, heyvandarlıq, gübrə-pestisid qeydiyyatı və xəstəliklərin erkən aşkarlanması kimi geniş sahələri əhatə edir:
 
"Bunun əsasında 2020-ci ildən fəaliyyət göstərən EKTİS sistemində toplanmış 600 mindən artıq fermerə aid məlumat - əkin sahəsi, bitki növü, sort, məhsul həcmi - dayanır. Yəni bu, ayrı-ayrı təcrübi tətbiqlər deyil, mövcud böyük məlumat bazası üzərində qurulan sistemli rəqəmsal transformasiyadır".
 

 
Akif Nəsirli deyir ki, praktiki fayda baxımından artıq istifadəyə verilmiş modullar fermerlər üçün real dəyişikliklər vəd edir:
 
"Peyk təsvirləri və hava məlumatları əsasında suvarmanın planlaşdırılması suyun israfını azaltmağa, alaq otlarının və xəstəliklərin erkən aşkarlanması məhsul itkisinin qarşısını almağa, məhsul proqnozlaşdırma sistemləri isə həm fermerə, həm də dövlətə tədarük və satış planlaşdırmasında daha dəqiq qərar qəbul etməyə imkan verə bilər. Fermer reytinqi sistemi isə kredit və dəstək proqramlarına çıxışı asanlaşdıra bilər, çünki dövlət qurumları artıq hər fermerin fəaliyyəti barədə daha dolğun məlumata malik olacaq".
 
Həmsöhbətimiz son olaraq qeyd edib ki, bu proqramların faydasının nə dərəcədə hiss olunacağı əsasən infrastrukturdan asılıdır:
 
"Ekspertlər qeyd edir ki, bu texnologiyaların səmərəli işləməsi üçün sensor şəbəkələri, internetə çıxış imkanları və yerli dildə təlim proqramları da paralel inkişaf etməlidir; əks halda kənd yerlərində, xüsusən texnologiyaya çıxışı məhdud olan kiçik fermerlər arasında bu alətlərdən faydalanma qeyri-bərabər ola bilər. Odur ki, 12 modulun artıq istifadədə olması mühüm addımdır, amma real təsirin miqyası fermerlərin bu alətlərə nə dərəcədə çıxışı və hazırlığı olduğundan asılı olaraq formalaşacaq".
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->