XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Nvidia" rəhbəri bəşəriyyət AGI dövrünə daxil olduğunu elan etdi - Bu nə deməkdir?
Texnologiya00:15 09.09.2026

"Nvidia" rəhbəri bəşəriyyət AGI dövrünə daxil olduğunu elan etdi - Bu nə deməkdir?

“Nvidia” şirkətinin rəhbəri Censen Huan bəşəriyyətin artıq süni ümumi intellekt (AGI) dövrünə daxil olduğunu bildirib. O, bu fikri “OpenAI” şirkətinin “dünyanın ən stabil və ən ağıllı” modeli adlandırdığı “GPT-6 Astra”nın təqdimatına münasibət bildirərkən səsləndirib.

Qaynarinfo xəbər verir ki, Huanın sözlərinə görə, yeni modelin ortaya çıxması süni intellektin inkişafında mühüm mərhələdir. “GPT-6 Astra” adi çat-botların imkanlarını aşır və mürəkkəb, kompleks tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir.

“Kompyuterdə edə biləcəyiniz hər şeyi Astra sizin üçün daha sürətli edə bilər”, şirkətin tərtibatçıları bildiriblər.

“Business Insider”in yazdığına görə, elmdə AGI-nin vahid və dəqiq tərifi hələlik yoxdur. Lakin bu termin adətən süni intellekt sisteminin ən azı insan səviyyəsində düşünmək, öyrənmək və intellektual tapşırıqları müstəqil şəkildə həll etmək qabiliyyətinə çatmasını ifadə edir. Bəzi futuristlər fiziki bədənə malik AGI-yə nümunə kimi “Terminator” filmindəki T-800 və T-1000 modellərini göstərirlər.

“OpenAI” də “Astra”nın ortaya çıxmasını AGI-nin yeni erasının başlanğıcı ilə əlaqələndirir. Şirkətin prezidenti Qreq Brokman “GPT-6 Astra”nı universal kompüter agenti adlandırıb və hesab edir ki, bir neçə ildən sonra insanlar geriyə nəzər salaraq məhz bu anı və bu modeli AGI erasının başlanğıcı kimi qiymətləndirəcəklər.

Bununla belə, bütün ekspertlər bəşəriyyətin AGI dövrünə daxil olduğu fikri ilə razılaşmır. Süni intellekt üzrə tədqiqatçı Qari Markus Huan və Brokmanın açıqlamalarını tənqid edib. O bildirib ki, belə ciddi nəticəyə gəlmək üçün ilk növbədə AGI-nin dəqiq müəyyənləşdirilməsi və sistemin bu səviyyəyə uyğun gəldiyini təsdiqləyən inandırıcı sübutların təqdim olunması lazımdır.

Ən iri süni intellekt tərtibatçıları, o cümlədən “OpenAI”, “Meta” və “Google”, getdikcə daha çox “Nvidia”nın qabaqcıl çiplərindən asılı vəziyyətə düşür.

2026-cı ilin martında “OpenAI” şirkətin həllərini “infrastrukturumuzun əsası” adlandırıb və sistemlərinin əksəriyyətinin təlim və işləmə proseslərinin gələcəkdə də “Nvidia”nın qrafik prosessorları üzərində həyata keçiriləcəyini bildirib.

Süni intellekt çiplərinə yüksək tələbat artıq “Nvidia”ya böyük gəlirlər gətirib. Şirkət avqust ayında rüblük gəlirinin 96 milyard dollar olduğunu açıqlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Bu məbləğin 89 milyard dolları süni intellekt üçün həlləri də əhatə edən məlumat mərkəzləri bölməsinin payına düşüb.

Censen Huanın son açıqlamasından görünür ki, hesablama gücünə tələbat artmaqda davam edəcək. “Nvidia” rəhbəri bildirib ki, “Astra” modelinin təlimi başa çatdıqdan sonra daha 400 min qrafik prosessoru (GPU) istifadəyə veriləcək.

Aydın